Bilik günündə ilk dərs vətənpərvərlik mövzusunda olacaq

Təhsil naziri Mikayıl Cabbarovun müvafiq əmrinə əsasən, 15 sentyabr- Bilik günündə təhsil müəssisələrində ilk dərs vətənpərvərlik mövzusunda olacaq. Təhsil Nazirliyindən bildiriblər ki, 2014-2015-ci tədris ilində Azərbaycanda 138 min nəfərdən çox uşağın birinci sinfə gedəcəyi gözlənilir.

Yeni tədris ilində ali təhsil müəssisələrində ilk dəfə olaraq "SABAH" qrupları fəaliyyətə başlayacaq. Ölkənin ali təhsil müəssisələrinin ixtisaslar üzrə seçilmiş 738 ən yaxşı tələbəsi təhsilini bu yeni qruplarda davam etdirəcək.

Bu il ilk dəfə olaraq ölkəmizdə maksimum adda və sayda– 271 adda 7,8 milyon ədəd dərslik çap olunub. Dərsliklər artıq bütün məktəblərə çatdırılıb.

Qeyd edilən tədris ilində 1692 gənc müəllim ilk dəfə sinfə daxil olaraq öz vəzifələrinin icrasına başlayacaq. Bu müəllimlər təhsil sahəsində ilk dəfə olaraq, "müəllim andı" içdikdən sonra fəaliyyət göstərəcəklər.

Orta təhsilini uğurla başa vuran, qızıl və gümüş medallar qazanan 201 məzunun hamısı yeni tədris ilini ali məktəblərin tələbələri sırasında qarşılayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...