Təhsil naziri: "12 illik təhsil sisteminə 2 ildən sonra keçilə bilər"

"Dünyadakı ölkələrin tam əksəriyyəti 12 illik və daha çox təhsil sistemini tətbiq edir. Lakin biz bunu kor-koranə şəkildə tətbiq edə bilmərik və etməməliyik". SİA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı 12 illik təhsil sisteminə keçidlə bağlı danışarkən deyib

Onun sözlərinə görə, məsələ ilə bağlı mütəxəssislər tərəfindən dərhal iş başlanılmalıdır: "Bu işin kökündə, yəni 12 illik təhsil sisteminə keçidi təmin etmək məqsədi ilə son siniflərdə ixtisaslaşmanın tətbiqi fəlsəfəsini ortaya qoymalıyıq. Belə ki, icbari fənlərin sayının son siniflərdə azaldılması qarşımıza bir məqsəd kimi qoyulub. Bu tapşırıq ilk növbədə Təhsil Nazirliyinin Aparatına həvalə olunur. Bu işi və keçid planını ilk növbədə Nazirliyin birbaşa tabeliyində olan məktəblərdən başlamaq lazımdır".

Nazir əlavə edib ki, 2 ildən sonra təhsil müəssisələrində müvafiq eksperimental tədris planlarında, xüsusilə də son siniflərdə ixtisaslaşma imkanını verən və beləliklə, son siniflərdə icbari fənlərin sayını azaldan tədris proqramları hazırlanıb Nazirliyə təqdim olunmalıdır: "Daha uzun bir müddətdə bu, Təhsil Nazirliyinin tabeliyində olan ümumtəhsil məktəblərində sınaqdan keçirilməlidir. Daha sonra nəticələri təhlil edərək məsələyə baxıla bilər".

"Xüsusi olaraq qeyd etməliyəm ki, bu, alternativ imkan kimi təqdim olunmalıdır. Bir sözlə, şagird və valideynin seçimi olmalıdır. Analoji şəkildə öz ixtisasını seçən və gələcəyini texniki, humanitar ixtisaslarda və ya tibb elmlərində, görən şagird üçün ixtisaslaşmış proqram təmin olunmalıdır"- deyə, Mikayıl Cabbarov məsələ ilə bağlı fikirlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə