Tələbə adını qazanan bərdəli məzunlar mükafatlandırılıblar

Tələbə adını qazanan bərdəli məzunlar mükafatlandırılıblar

Bərdə Rayon Mədəniyyət Evində bu il respublikanın ali məktəblərinə daxil olan gənclərlə görüş keçirilib. Tədbirdə çıxış edənlər tələbə adını qazanan gəncləri təbrik edərək, onlara şəxsi həyatlarında və təhsildə uğurlar diləyib, ölkədə təhsilin inkişafına göstərilən dövlət qayğısından, son illərdə bu sahədə əldə edilən uğurlardan danışıblar.

Məlumat verilib ki, 2013-2014-cü tədris ilinin məzunlarından 728 nəfəri ali məktəblərə qəbul olmaq üçün sənəd verib, 344 nəfəri ali məktəblərə daxil olub. 63 məzun 500 baldan çox, o cümlədən 21 nəfər 600-dən yuxarı bal toplayıb. Yüksək bal toplayan məzunlardan üçü Prezident təqaüdünə layiq görülüb. Rayonun ümumtəhsil məktəbləri arasında ən yüksək nəticəni akademik Zərifə Əliyeva adına texniki təmayüllü məktəb-lisey göstərib. Bu təhsil ocağının 75 məzunundan 68-i ali məktəbə qəbul üçün sənəd verib, onlardan 63 nəfəri tələbə adını qazanıb. 12 nəfəri 600-dən, 9 nəfəri 500-dən çox bal toplayıb. Bunlardan əlavə, ali məktəblərə qəbul imtahanlarında iştirak edən 126 məzun keçid balı toplayaraq orta ixtisas məktəblərinə qəbul olunub.

Tədbirdə çıxış edən gənclər görüşün təşkilinə, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, onlar üçün yaradılan şəraitdən lazımınca yararlanaraq, ölkəmiz üçün savadlı mütəxəssis kimi yetişəcəklərinə söz veriblər.

Sonda yüksək bal toplayan gənclərə və qabaqcıl təhsil işçilərinə qiymətli hədiyyələr verilib.

Tədbir konsert proqramı ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə