İlham Əliyev 32 və 12 nömrəli tam orta məktəblərdə yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Bakının Nizami rayonundakı 32 və 12 nömrəli tam orta məktəblərdə yaradılan şəraitlə tanış olub. SİA-nın xəbərinə görə, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı qəbul edilən xüsusi Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq bütün sosial sahələrdə olduğu kimi, təhsil müəssisələrinin əsaslı şəkildə yenidən qurulması, yeni məktəb binalarının, uşaq bağçalarının inşası prosesi məqsədyönlü şəkildə uğurla həyata keçirilir. Paytaxtda və ətraf qəsəbələrdə, eləcə də respublikanın hər yerində orta məktəb binaları yüksək standartlara uyğun şəkildə yenidən qurulur və lazımı avadanlıqla təchiz edilir, təhsil müəssisələrinin ərazilərində abadlıq işləri həyata keçirilir, yeni yaşıllıq zolaqları salınır. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görülür.

Prezident İlham Əliyev əvvəlcə 32 nömrəli tam orta məktəbdə həyata keçirilən təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olub.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verib. Qeyd edilib ki, 4 mərtəbədən ibarət olan məktəbdə 1050 şagird təhsil alır. Yeni dərs ili ərəfəsində məktəbin bütün sinif otaqları, fənn kabinetləri yüksək standartlara uyğun şəkildə əsaslı surətdə təmir edilib, lazımı avadanlıq və dərs ləvazimatları ilə təchiz olunub. Məktəbin istilik və işıqlandırma sistemləri də müasir tələblər səviyyəsində yenidən qurulub. Növbəti il üçün 640 şagird yerlik əlavə korpusun inşası nəzərdə tutulur.

Dövlətimizin başçısı məktəbin ayrı-ayrı sinif otaqlarını gəzib, yaradılan şəraitlə tanış olub.

Sonra Prezident İlham Əliyev 12 nömrəli tam orta məktəbə gəlib. Burada görülən təmir və yenidənqurma işləri ilə bağlı da dövlətimizin başçısına məlumat verilib. Bildirilib ki, 12 nömrəli tam orta məktəbin binası 1974-cü ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə inşa edilib və Ulu Öndərin iştirakı ilə istifadəyə verilib. Üç mərtəbədən ibarət məktəbdə 43 sinif otağı var. Məktəbdə 1200-ə yaxın şagird təhsil alır. Növbəti dərs ili üçün 240 şagird yerlik əlavə korpusun inşası nəzərdə tutulur. Burada da bütün sinif otaqları və fənn kabinetləri yüksək standartlar səviyyəsində təmir edilib, müasir istilik və işıqlandırma sistemləri quraşdırılıb.

Dövlətimizin başçısı 12 nömrəli tam orta məktəbdə əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə yaxından tanış olub.

Bütün xəbərlər Facebook səhifəmizdə