Bu gün Bakı İstedadlar Təhsil Kompleksinin yeni binasının açılış mərasimi keçirilib. SİA-nın xəbərinə görə, mərasimdə ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev, şirkət rəhbərliyinin nümayəndələri, Nizami rayon İcra Hakimiyyətinin başçısı Tahir Buqadov, millət vəkilləri iştirak ediblər.
ARDNŞ-nin prezidenti və onu müşayiət edən şəxslər kompleksdə yaradılan şəraitlə tanış olublar. Bildirilib ki, Bakının Nizami rayonu ərazisində inşa olunmuş Bakı İstedadlar Təhsil Kompleksi Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin beynəlmiləl məktəbidir. Burada təhsil ingilis dilində aparılacaq, Azərbaycan dili, ədəbiyyat, tarix və coğrafiya Azərbaycan dilində tədris olunacaq. İngilis məktəbləri sisteminə uyğun, Britaniya-Uels təhsil standartı üzrə fəaliyyət göstərəcək və 1200 şagird üçün nəzərdə tutulan Bakı İstedadlar Təhsil Kompleksində ilk vaxtlar 600 şagird təhsil alacaq.
Məktəb kompleksində müasir üslubda tikilmiş və bütün zəruri avadanlıqlarla təchiz olunmuş 30 sinif otağı, 300 nəfərlik akt zalı, iclas otaqları, pedaqoji heyət üçün iş otaqları, laboratoriyalar, qapalı idman zalı, iki üçgüçülük hovuzu, futbol, voleybol və basketbol meydançaları, trenajor zalı, ibtidai və orta təhsil bölmələri üçün 200 yerlik bir neçə yeməkxana və mətbəx, tibb məntəqəsi, kompüter otaqları, qeyri-tədris sahələri, eləcə də SPA kompleksi və həyatyanı park yaradılıb. Kompleksdə təlim-tədris prosesi 3 yaşından başlayaraq məktəbəqədər, ibtidai, orta təhsil və ali məktəblərə hazırlıq mərhələlərini əhatə edəcək. Məktəbdə 4 birinci sinif və hər birindən 3 sinif olmaqla 2-8-ci sinif şagirdləri ən yüksək səviyyədə təhsil almaq imkanına malik olacaqlar. Tədris prosesi hər sinif otağından bir müəllim və bir asistent tərəfindən aparılacaq. Müəllimlər beynəlmiləl məktəblərdə iş təcrübəsinə və müvafiq sertifikatlara malik əcnəbi vətəndaşlar, asistentlər isə ingilis dilli yerli müəllimlərdən ibarətdir. Kompleksdə ümumilikdə 32 əcnəbi və 28 yerli müəllim işləyəcək. Burada təlim-tərbiyə prosesi Britaniya təhsil modeli üzərində qurulduğundan Azərbaycan milli kurrikulumundan bəzi detallar ilə yanaşı Britaniya milli kurrikulumu (İngiltərə - Uels kurrikulumu) da tətbiq olunur.
Məktəbdə şagird-müəllim-valideyn interaktiv şəbəkəsi yaradılır. Bu, valideynlərə şagirdlərin davamiyyəti, müvəffəqiyyəti, davranışı, onlara verilən ev çalışmaları və psixoloji tapşırıqlar haqda operativ interaktiv məlumat əldə etməyə imkan verəcək. Pedaqoji prosesin müəllim - şagird əməkdaşlığı üzərində qurulması, müasir təlim strategiyalarının və çevik qiymətləndirmə mexanizmlərinin məqsədyönlü tətbiqi, şagirdlərin informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmələri təlimin keyfiyyətinin yüksəldilməsində zəmin yaradır. Məktəbin kitabxanası tədris planlarında nəzərdə tutulmuş fənlərə dair tədris- informasiya mənbələri ilə zənginləşdirilib.
Təhsil kompleksində 80 nəfərlik yeni tipli uşaq bağçasında təlim proqramları Azərbaycan və ingilis dillərində tədris olunur. Balacalara dil və riyaziyyatın əsasları əlvan, teatrlaşdırılmış, yadda qalan şəkildə öyrədilir. Təhsil kompleksinin xüsusi nəqliyyat vasitələri uşaqların xidmətinə verilib. Müasir avadanlıqla təchiz olunmuş mətbəxdə uşaqlar və müəllimlər üçün gündə 3 dəfə Azərbaycan və Avropa mətbəxinin ləziz yeməkləri hazırlanır. Uşaq bağçası səhər saat 07:30-dan axşam saat 18:00-dək işləyir. Əsas kontingent 3-4 yaşlı uşaqlardır. 5 yaşlılar isə 1-ci sinfə hazırlıq kursu keçirlər.
Yaradılan şəraitdən razı qaldığını söyləyən ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev bildirib ki, Bakı İstedadlar Təhsil Kompleksi təkcə Bakıda deyil, Azərbaycanın bütün bölgələrində yaşayan yüksək intellektual qabiliyyətə və parlaq istedada malik uşaqların aşkara çıxarılması və onlara müasir standartlar səviyyəsində bilik və bacarıqların aşılanması üçün nəzərdə tutulmuş yeni tipli təhsil müəssisəsidir.
Beynəlxalq standartlara uyğun ən müasir tədris plan və texnologiyaları əsasında fəaliyyət göstərən Bakı İstedadlar Təhsil Kompleksinin Azərbaycanın ictimai həyatında böyük əhəmiyyət daşıdığını bildirən R. Abdullayev Dövlət Neft Şirkəti tərəfindən Respublikamızda təhsilin, elmin, idmanın, səhiyyənin, mədəniyyətin inkişafına xidmət göstərən layihələrin bundan sonra da həyata keçiriləcəyini deyib.
O, yeni binanın açılışı və yeni tədris ilinin başlanması münasibəti ilə pedaqoji kollektivi təbrik edib, uğurlar arzulayıb, məktəb rəhbərliyinə tövsiyə və tapşırıqlarını verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB