Parisdəki “Azərbaycan evi”nin həftəsonu məktəbinə start verilib

Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində "Azərbaycan evi"nin təşkilatçılığı ilə artıq 3 ildir fəaliyyət göstərən həftəsonu məktəbində yeni tədris ilinə start verilib. Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, yeni dərs ilinin ilk günündə şagirdlər, müəllimlər və valideynlərlə yanaşı, Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov da iştirak edib.

"Azərbaycan evi"nin rəhbəri Mirvari Fətəliyeva şagirdləri yeni dərs ilinin başlaması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. M.Fətəliyeva həftəsonu məktəbinə göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna və Azərbaycanın Fransadakı səfirliyinə minnətdarlığını bildirib. O, gələcək planlardan danışaraq deyib ki, Fransada doğulub böyüyən uşaqlara ana dilinin, milli mədəniyyətimizin, tariximizin, adət-ənənələrimizin öyrədilməsi təşkilatın qarşısında duran mühüm vəzifələrdən biridir. O, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə uşaqlar üçün həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayıb.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov layihənin əhəmiyyətindən danışıb. O, uşaqlara yeni dərs ilində uğurlar arzulayaraq onlara səfirlik adından dərsliklər və tədris ləvazimatları hədiyyə edib.

Paris "Azərbaycan evi"nin təşkil etdiyi həftəsonu məktəbində şagirdlər yaş fərqinə görə iki qrupda təhsil alırlar. Həftənin şənbə günləri keçirilən dərslərdə müəllimlər uşaqlara əsasən Azərbaycan əlifbasını və Azərbaycan dilini tədris edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...