Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin təşəbbüsü ilə "Ölkəmizi tanıyaq" layihəsi gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsində mühüm rol oynayır. Bu proqramın davamı olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Qardaşlaşmış məktəblər" layihəsi çərçivəsində ölkə ərazisində 6 məktəb qardaşlaşma sazişi imzalayıb. Bilik Fondunun İnformasiya təminatı şöbəsindən SİA-ya verilən məlumata görə, Bakının 190 saylı məktəbi Şəkinin 7, 145 saylı məktəbi Ağstafanın 1, BSU-nun Məktəb- Lisey Kompleksi Tovuzun Qovlar şəhər orta məktəblərinin qonağı olublar.
Şagirdlər öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Məktəblər arasında imzalanan "Qardaşlaşma sazişi"nin müddəları məktəblilərin müzakirəsi əsasında müəyyənləşib. Qonaqlar ev sahiblərinə hədiyyələr verib, hər iki tərəf təmsil etdikləri rayonun və məktəbin təqdimatını keçiriblər.
Məktəblilər axşam saatlarında qonaq olduqları bölgəni ekskursiya edəcək, dəyirmi masa keçiriləcək, intellektual yarışmalar təşkil olunacaq. Yarışmanın qeyri-adiliyi ondadır ki, təkcə qaliblər deyil, məğlublar da mükafatlandırılacaqlar.
Şagirdlər lahiyədə iştirak etdiklərinə görə, Bilik Fonduna minnətdarlıqlarını bildiriblər.
Şəki şəhəri 7 saylı məktəbinin şagirdi Hüseynova Günay: "Qonaq qəbul etmək çox gözəldir. 190 saylı məktəbin şagirdləri ilə bir arada olmaqdan məmnunam. Bu, çox gözəl layihədir. İstərdim ki, ölkəmizin bütün məktəbləri bizim kimi qardaşlaşsın".
Bakı şəhəri 190 saylı məktəbin şagirdi Fərid Rəsulov: "Mən Şəkidə ilk dəfədir oluram. Biləndə ki, Şəkiyə gedəcək heyətdə mənim də adım var, çox sevindim. Artıq şəkili yaşıdlarım arasında özümə xeyli dost tapmışam. Hazırda şəhəri gəzirik. Elə bil nağıla düşmüşəm".
Tovuz rayonu Qovlar şəhər məktəbinin şagirdi Arzuman Mustafayev: "Bakı Slavyan Universitetinə daxil olmaq mənim ən böyük arzumdur. Həmin universitetin liseyində oxuyan yaşıdlarımla görüşdüm. Onlara rayonumuzun səfalı
yerlərini göstərəcəyik. Məktəblərimiz arasında bilik yarışması olacaq. Çox istərdim, mənim məktəbim qalib gəlsin. Amma uduzsaq da kədərlənmərik, axı biz qardaşlaşmış məktəblər sayılırıq".
Ağstafa şəhər 1 saylı tam orta məktəbin direktoru Leyla İsayeva: "Çox sevinirik ki, bizim məktəb də Bilik Fondunun bu gözəl layihəsinə qoşulub. Bakı şəhəri 145 saylı məktəb bizim qonağımızdır. İnanın, uşaqlar o qədər bir-birlərinə isinişiblər ki, kimin hansi məktəbin şagirdi olduğu seçilmir".
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "İlboyu bilik" proqramının "Qardaşlaşmış məktəblər" layihəsinin ilk mərhələsi senyabrın 15-nə qədər davam edəcək. Müxtəlif bölgələrdə yerləşən 20 məktəb qardaşlaşacaq. Sonrakı mərhələlərdə ölkədəki bütün məktəblər layihəyə cəlb olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB