Müəllimlərin and içməsi nəyi həll edəcək?

Müəllimlərin and içməsi nəyi həll edəcək?

Təhsil naziri Mikayıl Cabbarovun imzaladığı "Müəllimlərin etik davranış qaydaları"nda nəzərdə tutulanlara görə, müəllim ilk dəfə daimi işə qəbul olunarkən and içəcəklər. Andiçmənin ən çox həkimlərə şamil edildiyini eşitsək də, bundan sonra müəllimlər də peşələrinə sadiq olacaqlarını ifadə etmək üçün Azərbaycanın dövlət bayrağı altında Konstitusiyaya əl basmaqla and içəcəklər. SİA-nın xəbərinə görə, cəmiyyətdə heç də birmənalı qarşılanmayan müəllimlərin andiçməsi təntənəli şəraitdə baş tutacaq.

Andın mətni isə belə olacaq: "Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına riayət edərək Azərbaycan təhsilinin ənənələrinə sadiq qalacağıma, keyfiyyətli təhsil xidməti göstərəcəyimə, peşəkar fəaliyyət zamanı qeyri-etik davranışın hər hansı bir formasına yol verməyəcəyimə, həmkarlarım, təhsil alanlar, valideynlər və digər şəxslərlə münasibətləri hörmət, şərəf və ləyaqət əsasında quracağıma, müəllim adını və şərəfini uca tutacağıma and içirəm".

Şərəfli andı içdikdən sonra müəllimlər öz məsuliyyətli işlərinə başlaya biləcəklər. İlk növbədə andiçmə yeni işə qəbul olan müəllimlərə şamil ediləcək. Daha sonra isə respublikanın bütün təhsil ocaqlarında hazırda çalışan müəllimlər and içəcək.

Təhsil Nazirliyində hesab edirlər ki, bu yenilik təhsil sahəsində müsbətə doğru dəyişikliklərin baş verməsinə səbəb olacaq. O da bildirilir ki, bu müəllimə qarşı etimadın inamın artmasında rol oynayacaq. Bununla yanaşı, müəllimin özünün məsuliyyətinin qanun qarşısında artıracaq. Bu tək etik davranış üçün deyil, həmçinin müəllimlərin maddiyyat məsələlərinin tənzimlənməsinə gətirib çıxaracaq.

Təhsil sahəsi üzrə ekspert Şahlar Əsgərov məsələ ilə bağlı bunları deyib: "Bir halda ki, müəllimlərin and içməsi ilə bağlı qərar qəbul edilib, deməli bunun heç bir zərəri yoxdur və bu qərar olaraq faydalı ola bilər. Nə qədər olmasa da gənc müəllimlərin bayrağın altında and içməsinin müəyyən emosional təsiri ola bilər. Lakin sosial fenomen olaraq andiçmə məsələsinə bir az başqa cür baxıram. Andiçmə o zaman effekt verir ki, bu sənətin sahiblərinin sayı az olur. Misal olaraq, məhkəmə sahəsində çalışanlar, eyni zamanda icra başçıları and içsələr yaxşıdır ki, sədaqətlə xalqa qulluq edəcəklər. Lakin müəllim ordusu böyükdür, yəni burada təxminən 300 minə yaxın insandan söhbət gedir. Bu qədər insanın and içməsi və sonradan andına naxələf çıxmasının ardınca onu nə gözləyir, bax bunu təsəvvür edə bilmirəm. Bu cür müəllimlərə hansı cəza növü tətbiq olunacaq? Ona görə də ciddi tədqiqatlar aparmağa ehtiyac var ki, məsələnin fəlsəfi, sosialoji, ictimai tərəfi analiz olunsun.

Andiçmə mətninin içərisində belə bir fikir yer alıb ki, müəllim keyfiyyətli təhsil xidməti göstərəcəyinə and içəcək. Axı müəllim öz biliyindən artıq təhsil verə bilməz, çünki müəllim özü keyfiyyətli təhsil almayıb. Öyrədənin özünün səviyyəsi aşağı olandan sonra, necə keyfiyyətli təhsil verə bilər? Ona görə də müəlimlərin and içməsi ilə bağlı qərarın qəbul edilməsi cəmiyyət üçün maraqlı məsələdir. Ümumlikdə götürdükdə isə müəllimlərin and içməsi müsbət qarşılanmalıdır".

Hər zaman təhsil sistemini təhlil edən və yeri gələndə çatışmazlıqları tənqid edən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə müəllimlərin andiçməsinə münasibətini belə bildirmişdi: "Mənə belə gəlir ki, bu, müəllimlərin məsuliyyətini artıracaq".

Qeyd edək ki, bir dəfə keçiriləcək andiçmənin şifahi şəkildə deyilən mətni yazılı olaraq müəllim tərəfindən imzalanmaqla, onun şəxsi işində saxlanılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə