Nazir xaricdə təhsil alan tələbələrin sayını açıqladı

"Azərbaycanlı gənclərin xaricdə təhsil alması ölkəmiz üçün yeni təcrübə deyil. Azərbaycan Gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı artıq 8 ildir ki, həyata keçirilir. Bu günə qədər proqram çərçivəsində 2902 nəfər xaricdə təhsil almaq hüququ almaq qazanıb". SİA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov ASAİF-in XII Beynəlxalq Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, proqram çərçivəsində builki tədris ili üçün 500-ə yaxın gənc seçilib: "Seçim prosesi tam yekunlaşmadığı üçün bu rəqəm bir az da arta bilər. Proses əvvəlki illərlə müqayisədə daha böyük rəqabət mühitində keçib. Çünki ötən ilin seçim prosesindən sonra aparılan təhlillər, həmçinin tələblərin təklifləri nəzərə alınaraq dövlət proqramının təkmilləşdirilməsi istiqamətində müəyyən islahatlar həyata keçirilib. Dövlət Proqramında islahatlar bundan sonra da davam edəcək və gənclərin fikirləri, təklifləri bizim üçün önəmlidir. Bu proqram çərçivəsində artıq 714 nəfər məzun olub. Məzunların bir çoxu ölkədə müxtəlif dövlət və özəl qurumlarda öz ixtisasları üzrə çalışır, digərləri təhsillərini növbəti pillələrdə davam etdirir. Ümid edirik ki, tələbələr Dövlət Proqramının mahiyyətini yalnız xaricdə təhsillə məhdudlaşdırmayıb, xarici ölkələrdə əldə etdikləri bilik və bacarıqları ölkənin prioritet sahələrində tətbiq edəcəklər".

O həmçinin qeyd edib ki, xaricdə təhsil alan gənclərin məzun olduqdan sonra vətənə qayıtması vacibdir: "Məzunların işlə təmin olunması istiqamətində artıq müəyyən imkanlar yaradılıb. Hazırda Təhsil Nazirliyində bu prosesin sistemli və daha səmərəli keçirilməsi istiqamətində işlər görülür. Dövlət Proqramının məzunları dövlət qulluğuna müsabiqədən kənar qəbul olunmaq hüququna malikdirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə