Bu gün "Xaricdə Təhsil Alan və Məzun Olmuş Gənclərin Beynəlxalq Forumu" ictimai birliyinin (ASAİF) XII Forumu öz işinə başlayıb. SİA-nın xəbərinə görə, öncə forum iştirakçıları Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək onun ruhuna hörmət və ehtiramlarını bildiriblər. Daha sonra iştirakçılar ölkəmizin müstəqilliyi uğrunda həlak olanların uyuduğu Şəhidlər Xiyabanını da ziyarət ediblər.
Dövlət Himninin səslənməsi ilə start verilən Forumun açılış mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, KİV nümayəndələri iştirak ediblər.
Forumda giriş sözü ilə çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin forum iştirakçılarına təbrik məktubunu oxuyub.
Ə. Həsənov qeyd edib ki, Prezident İlham Əliyevin təsdiq etdiyi "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" gənclərimizin xaricdə təhsil almaları üçün müstəsna imkanlar yaradır: "Bu proqram xarici ölkələrdə gənclərimizin dünya səviyyəli ali məktəblərdə təhsil alması, ölkəmizin xaricdə təbliğ olunması üçün şərait yaradır. Xarici ölkələrdə təhsil alan gənclər qarşılıqlı ünsiyyət prosesini gücləndirməli, milli hədəflər ətrafında birləşərək ölkəmizin dünyada təqdimatının daha səmərəli təşkilində, təbliğat işini qurulmasında aktiv iştirak etməlidirlər. Ölkə başçısı İlham Əliyevin "qara qızılın insan kapitalına" çevrilməsi ideyası artıq reallığa çevrilib. Xaricdə təhsil alan gənclərin ölkəmizin bundan sonrakı inkişafına əhəmiyyətli təkan verəcəyinə əminəm. Ölkəmizin təkcə təbii sərvətlərinə görə deyil, həm də ziyalılarına, insan kapitalına görə tanınması vacibdir".
Forumda çıxış edən təhsil naziri Mikayıl Cabbarov qeyd edib ki, əsasını Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi ölkəmizin inkişafının strateji milli siyasi xətti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Bu gün Azərbaycan dövləti sürətli inkişaf dövrünü yaşayır və bu inkişaf təbii ki, gənclər üçün yeni imkanlar açır. Azərbaycanın iqtisadi potensialı artdıqca bütün sahələrin inkişafına kapital qoyulur və bu, müsbət nəticə verir. Təbii ki, gənc nəsil bu prosesdən kənarda qalmayıb və yüksək intellektli, vətənpərvər gəncliyin formalaşması üçün çox əhəmiyyətli layihələr həyata keçirilir. Bu baxımdan "Xaricdə təhsil üzrə Dövlət Proqramı" gənclərin təhsil almaları üçün bərabər imkanların təmin edilməsində mühüm rol oynayır və ölkəmizdə insan kapitalının keyfiyyətinin artırılmasına imkan yaradır".
Nazir "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində təhsil sahəsində aparılmış islahatlardan söz açaraq, bunun gənclərimizin daha yaxşı təhsil almaları və hərtərəfli inkişafına şərait yaratdığını vurğulayıb: "Gənclərimizin dünyanın inkişaf etmiş ölkələrinin nüfuzlu ali təhsil ocaqlarında dövlət hesabına təhsil almaları Azərbaycanın inkişafı, gələcəyi üçün ən yaxşı sərmayə və təminatdır. Dünya universitetlərində təhsil alan və məzun olmuş gənclərlə işlər bundan sonra daha da genişləndiriləcək".
Gənclər və idman naziri Azad Rəhimov ölkəmizin dünyada tanınmasında gənclərimizin böyük rol oynadığını bildirib. O qeyd edib ki, gənc nəslin təhsilinə qoyulan sərmayə gələcəyə yönəlmiş ən səmərəli yatırım sayılır. Dünya idman arenalarında bayrağımızı ucaldan hər bir gənc, həm də ölkəmizin nüfuzunun artmasına öz töhfəsini verir.
Sonra Forum iştirakçılarının sualları ətrafında müzakirələr aparılıb.
Müzakirələrdə Təhsil naziri Mikayıl Cabbarov, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, Dövlət Neft Fondunun İcraçı direktoru Şahmar Mövsümov, millət vəkili Fuad Muradov iştirak ediblər. Aparılan müzakirələr zamanı bir fikir xüsusi vurğulanıb ki, xaricdə təhsil alan tələbələr və məzun olaraq çalışan vətəndaşlarımız yüksək səviyyəli mütəxəssis olaraq ölkəmizi layiqli təmsil etməli, milli mənafelərimizin və dəyərlərimizin qorunması sahəsində əməli işlər görməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB