Aqiyə Naxçıvanlı məzunlarla görüşüb FOTO

Aqiyə Naxçıvanlı məzunlarla görüşüb FOTO

117 saylı Oğuz-Qəbələ seçki dairəsi üzrə millət vəkili Aqiyə Həbib qızı Naxçıvanlı Oğuz Rayon Mədəniyyət Mərkəzində keçirilən "Tələbə adını qazanmış məzunlarla görüş"də iştirak edib. SİA-nın xəbərinə görə, iclasda çıxış edən millət vəkili son illərdə Oğuz təhsilində baş verən irəliləyişlərdən danışıb, tələbə adını qazanmış məzunları təbrik edib.

O, bu il ixtisas seçimində də abituriyentlərin daha vacib sahələri seçdiyini xüsusilə vurğulayıb, yüksək bal toplayanların sayının keçən illə müqayisədə bir neçə dəfə artmasının təqdirəlayiq hal olduğunu bildirib. Aqiyə Naxçıvanlı həmçinin tələbə adını qazanan abituriyentlərə tələbəlik həyatının çətinliklərindən danışıb, onlara öz tövsiyələrini, məsləhətlərini verib, savadlı kadr olmaq üçün əzmlə çalışmaq lazım olduğunu söyləyib.

Millət vəkili çıxışının sonunda 600-dən artıq bal toplamış 9 abituriyentin hər birinə noutbuk, 500-600 bal toplayan 21 abituriyentə isə "Heydər Əliyev: Mənəviyyat, mənəvi dəyərlər, mənəvi tərbiyə" kitabını hədiyyə edib.

Aqiyə Naxçıvanlı bugünkü məzunların məhz müəllimlərin səyi nəticəsində uğur qazandıqlarını qeyd edərək Oğuz rayonu üzrə ən fəal 4 müəllimin hər birinə planşet və "Mehriban Əliyeva: Tərəqqi və yüksəliş yolları ilə" kitabını, rayonun Tərkeş məktəbinə isə bir ədəd noutbuk və kitablar hədiyyə edib.

Tədbir başa çatdıqdan sonra millət vəkili A. Naxçıvanlı 117 saylı Oğuz-Qəbələ seçki dairəsi üzrə deputatın qəbul otağına gələrək seçiciləri ilə görüş keçirib. Deputat seçicilərin hər birini ayrı-ayrılıqda qəbul edərək onların problemlərini dinləyib, qaldırılan bəzi məsələləri yerində həll edib, digərlərinin həlli üçün isə müvafiq tapşırıqlarını verib.

Bütün xəbərlər Facebook səhifəmizdə