Bilik Fondunda yerli və xarici ziyalılarla görüş keçirilib FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda daha bir görüş keçirilib. Fondun informasiya təminatı sektorundan SİA-ya verilən xəbərə görə, görüşdə Himayəçilər Şurasının üzvləri akademik Kamal Abdullayev, professor Sahibə Qafarova, BSU-nun rektoru, professor Asif Hacıyev, millət vəkili Sevinc Fətəliyeva, Tbilisi Dövlət Universitetinin professoru David Qotseridze və professor Revaz Dzjladze də iştirak edib.

Qonaqları salamalayan akademik Kamal Abdullayev Prezident İlham Əliyevin tapşırığı ilə hazırda "Ölkəmizi tanıyaq" devizi altında keçirilən maarifləndirici aksiyadan danışıb. Bildirib ki, bu böyük aksiyanın davamı olaraq Bilik Fondunun "İlboyu bilik" layihəsi Azərbaycanın bütün bölgələrində həyata keçiriləcək. ""Ölkəmizi tanıyaq" layihəsi gənc və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. "Qardaşlaşmış məktəblər" proqramının da məqsədi bu çərçivədə bölgələrdə yaşayan yeniyetmələr arasında "bilik körpusu" yaratmaqdır".

Professor Sahibə Qafarova Bilik Fondunun fəaliyyət dairəsinin genişliyindən danışıb: "Ümumiyyətlə, Bilik Fondunun həyata keçirdiyi layihələr Azərbaycan ictimaiyyətininn bütün zümrələrini əhatə edəcəkdir. Bununla yanaşı, Azərbaycan elminin, mədəniyyətinin, incəsənətinin və tarixinin beynəlxalq miqyasda daha da dərindən tanıdılması və təbliği Fondun qarşısında duran mühüm vəzifələrdəndir".

Tbilisi Dövlət Universitetinin professoru David Qotseridze Azərbaycanda belə bir fondun yaradılmasını alqışlayıb, onun həm də ölkələrimiz arasında mədəni və elmi əlaqələrin inkişafında yüksək xidməti olacağına əminliyini bildirib. "Təklif edirəm ki, Gürcüstanda Bilik Fondunun xətti ilə "Azərbaycanşünaslığın aktual problemləri" mövzusunda elmi konfrans keçirilsin, orada yaşayan azərbaycanlılar da konfransa cəlb olunsunlar".

Tədbirdə iştirak edənlər – professor Asif Hacıyev, millət vəkili Sevinc Fətəliyeva, professor Etibar Nəcəfov, Nailə İslamzadə, Böyükağa Məmmədov, Aqşin Rüstəmov da Bilik Fonduna bu məsuliyyətli işdə uğurlar arzuladılar və əllərindən gələni əsirgəməyəcəklərini bildirdilər.

Bilik Fondu sentyabrın 8-dən "İlboyu bilik" layihəsinə start verir. Layihə çərçivəsində "Qardaşlaşmış məktəblər" və respublikanın bütün şəhər və rayonlarında yerli ziyalıların da iştirakı ilə "İlk dərs" proqramları həyata keçiriləcək.

Bununla yanaşı, Bilik Fondu "Dini abidələrdə tarixin izləri", "Auditoriya +", "Yaradıcılıq fakültəsi", "Ustad və şəyird" kimi maraqlı layihələrə də başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə