Astarada yüksək bal toplamış tələbələrlə görüş keçirilib FOTOLAR

Astarada yüksək bal toplamış tələbələrlə görüş keçirilib FOTOLAR

Bu gün Astara rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin respublikanın ali məktəblərinə qəbul imtahanlarında yüksək bal toplamış, eyni zamanda ayrı-ayrı ali hərbi məktəblərə qəbul olunmuş tələbələrlə görüşü keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, görüşdə rayonun ümumtəhsil məktəblərinin direktorları, tələbə adını qazanmış gənclər və valideynlər iştirak ediblər.

Rayon təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova təhsil göstəriciləri barədə statistikanı iştirakçıların nəzərinə çatdırıb.

Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev tələbə adını qazanmış gəncləri, onların valideynləri və müəllimlərini təbrik edərək qeyd edib ki, rayonumuzda ali məktəblərə daxil olan gənclərin sıralarının ildən-ilə artması həm də elmə, biliyə olan marağın artması deməkdir. Respublikamızda təhsilə və onun inkişafına hələ Ulu Öndərimiz Heydər Əliyevin rəhbərliyi dövründə xüsusi diqqət yetirilib. Bu ənənə ölkə prezidenti cənab İlham Əliyevin fəaliyyəti ilə müvəffəqiyyətlə davam etdirilir. Ölkə rəhbəri tərəfindən təhsilin inkişafı üçün mühüm tədbirlər həyata keçirilmiş, təhsil islahatlarının, təhsil haqqında qanunun və təhsilin inkişafı ilə əlaqədar Dövlət Proqramlarının hazırlanması və yerinə yetirilməsi daim diqqətdə saxlanılmışdır. Bütün respublikada olduğu kimi rayonumuzda da təhsilin inkişafı ilə bağlı görülən işlər göz qabağındadır. Son illər rayonda 40-dan çox məktəb binası tikilib və ya əsaslı təmir olunaraq istifadəyə verilib. Yeni dərs ilində daha 2 məktəb binası istifadəyə veriləcəkdir.

Daha sonra qeyd edilib ki, bu il rayonun orta məktəblərini bitirən məzunlardan 162 nəfər tələbə adını qazanıb ki, bunlardan 14 nəfəri 500-dən, 5 nəfər 600-dən yuxarı bal toplayaraq ali məktəblərə daxil olublar. İcra başçısı tələbə adını qazanmaq şərəfinə nail olan görə tələbələri, eyni zamanda bu işdə əməyi olan müəllimləri və valideynləri təbrik edib.

Q.Paşayev həmçinin bu il 11 nəfər məzunun respublikanın ayrı-ayrı ali hərbi məktəblərinə, o cümlədən iki nəfərin C.Naxçıvanski adına hərbi liseyə qəbul olunmasını xüsusi qeyd edib.

Tədbirdə Pensər kənd 2 saylı məktəb-liseyin direktoru Asif Əsədullayev, valideynlərdən Zeynal Kişiyev, Firudin Quliyev, Əziz Dadaşov və başqaları çıxış edərək gənclərin təhsil alması üçün ölkəmizdə yaradılan yüksək şəraitdən razılıqlarını bildirərək ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə və tələbələrlə görüşə görə İcra başçısı Qəzənfər Ağayevə minnətdarlıq ediblər. Tələbə adını qazanmış Kijəbə qəsəbə tam orta məktəbin məzunu, 681 balla Azərbaycan Tibb Universitetinə qəbul olunmuş Fuad Quliyev, Astara şəhər 7 saylı tam orta məktəbin məzunu, 673 balla ATU-ya qəbul olunmuş Muradzadə Vaqif Asif oğlu, Siyaku kənd tam orta məktəbin məzunu, 558 balla Azərbaycan Dövlət Neft Akademiyasına qəbul olunmuş Hacıquluzadə Ülvi Mübariz oğlu və Dövlət Sərhəd Xidməti Akademiyasına qəbul olunmuş Astara şəhər 7 saylı tam orta məktəbin məzunu Novruzov Rəfi Azər oğlu çıxışlarında dövlətin gənclərə bu cür diqqət və qayğısına mükəmməl təhsilləri və gələcəkdə yüksək vətəndaşlıq mövqeyi ilə cavab verəcəklərini söyləyiblər.

Yekunda ali məktəblərə qəbulda yüksək bal toplamış tələbələrə rayon İcra hakimiyyətinin başçısı tərəfindən Fəxri Fərman və pul mükafatı verilib, xatirə şəkli çəkilib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə