Tələbələrimiz Qazaxıstanda yay düşərgəsində

Tələbələrimiz Qazaxıstanda yay düşərgəsində

Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) "Enactus" komandası avqustun 13-dən 18-dək Qazaxıstanın Almatı şəhərində keçirilən "Enactus Summer Camp" layihəsində iştirak edib. ADİU-dan SİA-ya verilən xəbərə görə, beynəlxalq tədbirdə Azərbaycan nümayəndə heyətinin tərkibində bu ali təhsil ocağının innovativ biznes inkubatorunun direktoru Mircavid Həsənov və xüsusi istedadlar fakültəsinin tələbəsi Seymur Məmmədov da təmsil olunublar.

Layihədə Azərbaycan nümayəndə heyəti ilə yanaşı, Rusiya, Hollandiya, İspaniya, Hindistan, Qazaxıstan və Çilidən olan komandalar iştirak ediblər. Layihə çərçivəsində iştirakçılara müxtəlif biznes mövzularında təlimlər, ustad dərsləri, gənclərin asudə vaxtlarını maraqlı keçirmək üçün əyləncəli müsabiqələr keçirilib.

Təlimlərin məqsədi gənclərin komandada işləmək vərdişlərini təkmilləşdirmək, liderlik və qərar qəbul etmə, biznes ideyaların layihələşdirilməsi, innovativ və səmərəli idarəetmə mövzularında biliklərin artırılmasıdır.

İştirakçı ölkələrin milli təqdimat gecəsində ADİU-nun nümayəndələri xüsusi fəallıq göstərərək Azərbaycanın dövlətçiliyi, iqtisadiyyatı, mədəniyyəti və mətbəxini əks etdirən videotəqdimatla çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə