Misirli azərbaycanşünas alim BSU-da olub

Misirli azərbaycanşünas alim BSU-da olub

Bakı Slavyan Universitetində (BSU) Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin yeni təyin olunmuş mədəniyyət attaşesi, Bakıdakı Misir Mədəniyyət Mərkəzinin direktoru, azərbaycanşünas alim Əhməd Sami El Aydi ilə görüş keçirilib. Universitetin mətbuat xidmətindən verilən məlumata görə, BSU-nun rektoru, professor Asif Hacıyevlə görüşdə gələcəkdə Misir universitetləri ilə əlaqələrin inkişaf etdirilməsi, tələbə-müəllim mübadiləsi, ortaq mədəniyyətlərin dərindən öyrənilməsi məsələləri müzakirə olunub. Eyni zamanda hər iki xalqın yazıçı və şairlərinin əsərlərinin birgə tərcüməsi ilə bağlı ilkin razılıq əldə edilib.

Əhməd Sami Misirin aparıcı təhsil ocaqlarından olan Ayn-Şəms Universitetində 1998-ci ildən Azərbaycan dilini tədris etdiyini, Misirdə bu dilə çox böyük maraq göstərildiyini bildirib. Misirli alim Azərbaycan dilinin daha geniş öyrənilməsi üçün ixtisaslı mütəxəssislərə, müəllimlərə, eləcə də, Misirdə Azərbaycan Mədəniyyət Mərkəzinin açılmasına böyük ehtiyac olduğunu vurğulayıb.

A.Hacıyev misirli həmkarları üçün BSU-da Azərbaycan dili üzrə ixtisasartırma kurslarının təşkil olunmasına şərait yaradılacağını söyləyib. Misir Ərəb Respublikasında Azərbaycanı daha yaxından tanıtmaq məqsədilə bu ölkənin universitetlərindən birində Azərbaycan Tədris Mədəniyyət Mərkəzinin açılması haqqında müzakirələrin aparılacağı vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə