Azərbaycan Dillər Universitetində (ADU) 2014-2015-ci tədris ilində növbəti innovativ tətbiqin həyata keçirilməsi nəzərdə tutulur. ADU-dan SİA-ya verilən xəbərə görə, həmin universitetə yeni daxil olan tələbələr üçün kartlar Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ("ASAN Xidmət") tərəfindən hazırlanacaq. Bu məqsədlə ADU və Dövlət Agentliyi arasında 21 fevralda imzalanan Niyyət protokoluna əsasən mütəmadi tədbirlər görülür.
Dövlət Agentliyi tərəfindən hazırlanacaq tələbə kartları çoxfunksionallığı ilə seçiləcək. Həmin kartlara ilk növbədə çip və barkod yerləşdiriləcək ki, bu tələbənin universitetə giriş və çıxış saatları, universitetdə qalma müddətini təyin etməyə imkan verəcək. Yeni tələbə kartları vasitəsi ilə təqaüdlərin əldə olunması, tələbə yeməkxanalarında yerləşdiriləcək xüsusi aparatlarda ödənişlərin edilməsi rahatlığı, eyni zamanda müasir imkanlardan istifadə edilməklə innovativ həlləri təmin edəcək.
Universitet daxilində və xaricində tələbələr kartların köməkliyi ilə kitabxanalardan endirimli şəkildə yararlana biləcəklər. Gələcəkdə bu sistemin nəqliyyatın intellektual idarəetmə mərkəzinə qoşulması təmin edildikdən sonra tələbələrin bu kartlardan nəqliyyatda da istifadəsi mümkün olacaqdır .
Tələbələr bu kartları yeni dərs ilinin əvvəlindən ödənişsiz əldə edə biləcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB