Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirir. SİA-nın xəbərinə görə, imtahandan əvvəl TQDK-da abituriyentlərin yazacaqları mövzuların adlarını müəyyənləşdirmək üçün püşkatma mərasimi keçirilib.
TQDK sədrinin müavini Namiq Babayev çıxışı zamanı bildirib ki, bu mərhələdə cari ilin aprelin 1-dən 30-dək jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçən və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edirlər. Onun sözlərinə görə, imtahan Bakı və TQDK-nın regional mərkəzlərinin yerləşdiyi şəhərlərdə - Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Ağcabədi, Göyçay, Şirvan və Xaçmazda təşkil olunub. İmtahan 2 saat 30 dəqiqə müddətində aparılacaq.
O həmçinin əlavə edib ki, jurnalistika ixtisasına qəbul olmaq üçün 569 abituriyent qeydiyyatdan keçib: "Onlardan 441 nəfəri III ixtisas qrupu üzrə keçirilən test imtahanında tələb olunan müsabiqə şərtini ödəyərək ikinci mərhələyə buraxılıb. Bu mərhələdə iştirak edəcək abituriyentlərdən 124 nəfərini oğlanlar, 317 nəfərini qızlar təşkil edir. 394 abituriyent Azərbaycan, 47 abituriyent isə rus bölməsi üzrə imtahan verəcək".
Daha sonra çıxış edən Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı komissiyasının sədri Əflatun Amaşov bildirib ki, bu gün Azərbaycan jurnalistikasında yeni bir mərhələnin əsası qoyulur və bu ildən etibarən jurnalist olmaq istəyən hər bir abituriyent mütləq şəkildə qabiliyyət imtahanından keçəcəklər: "Mətbuat Şurasının jurnalistika fakültələrində apardığı araşdırmalar onu göstərirdi ki, təhsil alanların əksəriyyəti təsadüf nəticəsində bu ixtisası öyrənirdilər. Bu səbəbdən də həmin tələbələr sonradan jurnalistika sahəsi ilə deyil, tamam başqa işlə məşğul olurdular. Bu da təbii ki, mətbuatda lazımlı kadrların hazırlanmasında müəyyən problemlərə gətirib çıxarır. Bu da jurnalistlərin qabiliyyət imtahanı verməsi məsələsini gündəmə gətirdi. Bütün bunları nəzərə alıb noyabrın 24-də Prezident İlham Əliyevlə görüşdə mövcud problemi qaldırdıq və müsbət rəy aldıq. Bunun nəticəsi olaraq da bu gün bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirilir. Artıq magistratura mərhələsində jurnalistlərin qabiliyyət imtahanı verməsi məsələsi həll olunub. Təbii ki, proses bundan sonrakı vaxtlarda ardıcıl şəkildə həyata keçiriləcək".
Əflatun Amaşov eyni zamanda qeyd edib ki, abituriyentlər bakalavriat səviyyəsinə qəbul imtahanının qabiliyyət imtahanı mərhələsində təqdim olunmuş mövzu üzrə inşa (esse) yazacaqlar. Yazı işi abituriyentin imtahan verdiyi bölmədən asılı olaraq Azərbaycan və ya rus dilində yerinə yetirilməlidir. İnşa (esse) abituriyentin təklif olunmuş mövzu üzrə öz nöqteyi-nəzərini əsaslandırılmış surətdə ifadə etdiyi müstəqil yaradıcı yazı işidir.
Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı komissiyasının üzvü Vüqar Rəhimzadə isə deyib ki, qabiliyyət imtahanı daha yaradıcı gənc kadrların üzə çıxmasına şərait yaradacaq.
Çıxışlardan sonra mühakimə, təkkiyə və təsvir janrlarında qabiliyyət imtahanı mərhələsində təqdim olunan mövzular püşkatma yolu ilə müəyyənləşib. Belə ki, mətbuat nümayəndələri hər 3 janrdan bir mövzu seçiblər. Jurnalist olmaq istəyən abituriyentlər "Həyatımda ən yadda qalan gün", "Həyatda kimdən nümunə götürmək istərdim" və "Jurnalistin imici nə deməkdir və o necə formalaşır" mövzularından birini seçib sərbəst şəkildə inşa yazacaqlar.
Məlumat üçün bildirək ki, inşa yazıda (essedə) abituriyent öz fikirlərini aydın və savadlı ifadə etməlidir. İnşa (esse) səliqəli, oxunaqlı və aydın xətlə yazılmalıdır. Qiymət həm yazılan inşanın məzmununu, həm də yazı savadını nəzərə almaqla verilir. Yazı işi bır sıra meyarlar nəzərə alınmaqla "məqbul" və ya "qeyri-məqbul" ilə qiymətləndiriləcək. "Qeyri-məqbul" qiyməti mövzunun zəif açıldığı və ya heç açılmadığı, abituriyentin mövzunu səthi bildiyini və ya heç bilmədiyini aşkara çıxaran, mətnin hissələri arasında məntiqi əlaqənin pozulduğu, 6 və daha çox dil və nitq səhvi olan yazılara verilir.
Qeyd edək ki, yazı işində abituriyentlərin özləri haqqında hər hansı məlumat yazması və ya hansısa işarə vurması qadağandır. Belə hala yol vermiş abituriyentlərin yazı işləri "sıfır" balla qiymətləndiriləcək. İnşa yazı (esse) 2–4 səhifə (ən azı 400 söz) həcmində olmalıdır. Başqa mövzuda, həmçinin 1 səhifədən (200 sözdən) az həcmdə yazılmış inşaların da "0" balla qiymətləndiriləcəyi bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB