Azərbaycan Dillər Universitetinin Regionşünaslıq və Bəynəlxalq münasibətlər fakültəsinin Xarici dillər kafedrasının Çin dili müəllimi Könül Abbasova Çinin Şenyan Pedaqoji Universitetində keçirilən "Avropa - Asiya ölkələrinin Çin dili müəllimlərinin seminarı" – da iştirak edib. O, seminarda Azərbaycan Dillər Universitetinin Çin dili və mədəniyyəti mərkəzi haqda təqdimatla çıxış edib.
ADU-dan SİA-ya verilən xəbərə görə, Moldova, Latviya, Belarus, Ukrayna, Polşa, Qırğızıstan, Qazaxıstan, Özbəkistandan və digər ölkələrdən olan seminar iştirakçıları, o cümlədən Şenyan Pedaqoji Universitetinin professor-müəllim heyəti Çin dilinin tədrisi metodikanın təkmilləşdirilməsi, Azərbaycanda Çin dili üzrə ilk dərsliyin nəşr edilməsi təcrübəsi, ənənəvi bayramların, ÇXR-nın tarixi və Azərbaycan-Çin əlaqələrinin inkişafında Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin öyrənilməsi ilə bağlı Çin dili və mədəniyyəti mərkəzinin keçirdiyi elmi seminarlarla tanış olublar.
Seminar iştirakçılarına Könül Abbasova ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun rəhbərliyi ilə Çin dili və mədəniyyəti mərkəzi tərəfindən hazırlanan Çin və Azərbaycan dillində nəşr olunan "İlham Əliyev - qədim xalqlar dostluğunun müasir davamçısı" adlı kitabı hədiyyə verib.
Onu da qeyd edək ki, Çin dili və mədəniyyəti mərkəzinin direktoru, dosent Rafiq Abbasov bildirib ki, yaxın zamanda ADU və Şenyan Universiteti arasında əməkdaşlıq müqaviləsinin imzalanması planlaşdırılır. Keçən il ADU və Sıçuan Xarici Dillər İnstitutu arasında analoji müqavilə imzalanıb. Sıçuan Xarici Dillər İnstitutu ADU-nun Konfutsi İnstitutunun yaradılması üzrə rəsmi tərəfdaşıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB