İyulun 23-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının ilk toplantısı keçirilib. Fondun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, toplantı iştirakçılarını salamlayan Himayəçilik Şurasının sədri AMEA-nın prezidenti, akademik Akif Əlizadə Bilik Fondu kimi önəmli bir qurumun yaradılması ilə bağlı Prezident İlham Əliyevin fərmanını alqışladığını bildirib. Akademik Akif Əlizadə əhalinin ən müxtəlif sahələrdə maarifləndirilməsində, azərbaycançılıq məfkurəsinin, eləcə də milli-mənəvi və dini dəyərlərin təbliğində, ölkənin daxili və xarici siyasətinin mahiyyətinin geniş kütlələrə çatdırılmasında Bilik Fondunun görəcəyi işlərin vacibliyindən danışıb. Şura sədri onu da bildirib ki, Azərbaycanın dinamik inkişafı, beynəlxalq aləmə inteqrasiyası ilə əlaqədar təhlillərin aparılması, sosial-iqtisadi proseslərin mahiyyətinin ictimaiyyətə çatdırılması da Bilik Fondunun əsas vəzifələri sırasındadır.
Fondun Himayəçilik Şurasının üzvü millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayev Şura üzvlərinə göstərilən etimada görə Prezident İlham Əliyevə təşəkkür edib. Kamal Abdullayev Fondun fəaliyyət istiqamətləri barədə hərtərəfli məlumat verərək bildirib ki, əhalinin daha çox maarifləndirilməsi və savadlanması məqsədilə yaradılan Bilik Fondu ölkədə ideoloji istiqamətdə fəaliyyət göstərən qurumların məntiqi halqasıdır. Fond gənclərin bilik və bacarıqlarının, peşəkarlıq səviyyələrinin və dünyagörüşlərinin inkişafına dəstək olacaq, xüsusilə Azərbaycan gənclərinin onlar üçün yaradılan şəraitdən faydalanmasına təkan verəcək.
Sonra Bilik Fondunun İcraçı direktoru Oktay Səmədovun hesabatı dinlənilib. O, görülən işlər və Fondun iş planı haqqında ətraflı məlumat verib. Şura üzvləri hesabatı hərtərəfli müzakirə edərək yüksək qiymətləndiriblər və Fondun fəaliyyət istiqamətləri ilə bağlı müəyyən tövsiyələr veriblər.
Xatırladaq ki, ölkə əhalisini maarifləndirmək, dövlətin daxili və xarici siyasətinin, ictimai-siyasi və sosial-iqtisadi proseslərin mahiyyətini ictimaiyyətə çatdırmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 may 2014-cü il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu yaradılıb. Fondun nizamnaməsinə əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Bilik Fondunun fəaliyyətinə ümumi nəzarəti həyata keçirən Himayəçilik Şurasının sədri və Oktay Əlipaşa oğlu Səmədov Prezidentin digər Sərəncamı ilə Bilik Fondunun İcraçı direktoru təyin edilib.
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti və Fondun İcraçı direktorunun da daxil olduğu 9 nəfərdən ibarət Himayəçilik Şurasının digər 7 üzvü də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 iyul 2014-cü il tarixli Sərəncamı ilə təsdiq olunub. Sərəncama əsasən, Abdullayev Kamal Mehdi oğlu, Ələkbərov Urxan Kazım oğlu, Əmiraslanov Əhliman Tapdıq oğlu, Həsənli Sabir Hüseyn oğlu, Nemətov Azərpaşa Zəfər oğlu, Qafarova Sahibə Əli qızı, Qurbanlı Mübariz Qəhrəman oğlu 4 il müddətində Bilik Fondunun Himayəçilik Şurasının üzvü kimi fəaliyyət göstərəcəklər.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ölkə əhalisinin elmi-texniki, siyasi-ictimai, sosial-iqtisadi, ekoloji və humanitar biliklərinin artırılmasına xidmət edən, qloballaşma şəraitində cərəyan edən prosesləri təhlil etmək bacarığı aşılayan, azərbaycançılıq məfkurəsinin mahiyyətini və milli-mənəvi, dini dəyərləri təbliğ edən, Azərbaycan Respublikasının daxili və xarici siyasətinin mahiyyətini ictimaiyyətə çatdıran qeyri-kommersiya qurumu olan hüquqi şəxsdir. Nəzərdə tutulan maarifləndirmə işini həyata keçirmək üçün Bilik Fondu ölkə daxilində "Bilik evləri", filiallar, ölkə xaricində nümayəndəliklər yaradacaq və müxtəlif layihələr həyata keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB