NDU və Fransız İnstitutu birgə layihə reallaşdırır

Dünyanın 80-dən çox tanınmış universiteti ilə əməkdaşlıq əlaqələri quran Naxçıvan Dövlət Universitetində (NDU) xarici dillərin öyrənilməsinə diqqət daha da artırılıb. Hazırda bu ali məktəbdə 300-dən çox xarici vətəndaş təhsil alır. Müxtəlif beynəlxalq layihələrdə uğurla təmsil olunan universitetdə Avropa dillərinin, eləcə də fransız dilinin, ədəbiyyatının tədrisinə xüsusi əhəmiyyət verilir.

Bu fikirlər Fransanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə NDU-da Naxçıvan Muxtar Respublikasının fransız dili müəllimləri üçün reallaşdırılan "Fransız şəhərciyi" adlanan pedaqoji staj layihəsinin başlanması ilə bağlı keçirilən tədbirdə səsləndirilib.

NDU-nun rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov universitetdə dünya təhsilinə inteqrasiya istiqamətində görülən işlərdən danışaraq qeyd edib ki, hər il bu təhsil ocağında ənənəvi Frankofoniya bayramı keçirilir. Bu bayram vasitəsilə tələbələrdə fransız dilinə, tarixinə və mədəniyyətinə maraq yaradılır. Rektor Fransanın Azərbaycandakı səfirliyinin ali məktəblər arasında əməkdaşlığın genişləndirilməsi istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirərək ölkələrarası əlaqələrin inkişafında elm və təhsil sahəsində tərəfdaşlığın rolundan bəhs edib.

Qeyd olunub ki, Naxçıvanda ilk dəfə tanınmış mütəxəssislərin iştirakı ilə keçiləcək pedaqoji staj fransız dilinin mənimsənilməsi və tədrisi baxımından faydalı olacaq.

Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşlıq və mədəniyyət attaşesi Vənsan Lorenzini Azərbaycan və Fransa arasında bir çox sahələrdə, o cümlədən elm və təhsil sahəsində əməkdaşlığın inkişafından danışıb, səfirliyin təşkilatçılığı ilə həyata keçirilən "Fransız şəhərciyi" adlanan pedaqoji staj və reallaşdırılması nəzərdə tutulan digər layihələr haqqında məlumat verib.

Qeyd edək ki, Fransanın Azərbaycandakı səfirliyinin mədəniyyət və əməkdaşlıq şöbəsinin və Azərbaycanda Fransız İnstitutunun birgə təşkil etdikləri bu pedaqoji staj hər il ölkəmizin müxtəlif rayonlarında keçilir. Sayca onuncu olan və Naxçıvan Muxtar Respublikasında ilk dəfə keçilən "Fransız şəhərciyi" adlı pedaqoji staj zamanı iştirakçılar fransız dili mütəxəssisləri ilə ünsiyyətdə olacaq, bu dildə fəal şəkildə dialoq quracaqlar. İyulun 25-dək davam edəcək pedaqoji stajda muxtar respublikada fəaliyyət göstərən 40-a yaxın fransız dili müəllimi iştirak edir.

Pedaqoji staj zamanı Parisdən dəvət olunan fransız dili müəllimləri xanım Selin dü Şene, Mişel Bondüran və Azərbaycandakı Fransız İnstitutunun müəllimi xanım Elsa Furtado fransız dilinin qrammatikası, leksikologiyası və semantikası ilə bağlı mövzular tədris edəcək, praktik məşğələlər aparacaqlar. Sonda pedaqoji staj keçən müəllimlərə sertifikatlar təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...