Mikayıl Cabbarov xaricdə təhsil alacaq tələbələrlə görüşüb

Mikayıl Cabbarov xaricdə təhsil alacaq tələbələrlə görüşüb

Bu gün təhsil naziri Mikayıl Cabbarov 2014-2015-ci tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət proqramı" çərçivəsində təhsil almaq üçün Prezident yanında Təhsil üzrə Komissiya tərəfindən təsdiq olunmuş ilk tələbələrlə görüşüb. SİA-nın xəbərinə görə, görüş zamanı tələbələri təbrik edən nazir Azərbaycan gənclərinin dünyanın ən aparıcı ali məktəblərində təhsil almasının əhəmiyyətindən danışıb.

Nazir çıxışı zamanı bildirib ki, Azərbaycanda xalqın təhsil ənənələri, təhsilə verilən dəyər dərin köklərə malikdir: "Hazırda Azərbaycanda 2 mindən çox tələbə dövlət proqramı xətti ilə xaricdə təhsil alır. Ümid edirik ki, bu il göstərici 3 mini keçəcək. Bu gün xaricdə təhsil almaqla bağlı dövlət proqramı daha da genişlənir və hər bir Azərbaycan vətəndaşı bundan faydalanmaq imkanına malikdir".

O həmçinin qeyd edib ki, Azərbaycan nadir ölkələrdən biridir ki, öz vətəndaşlarına təqaüd proqramlarını tətbiq edir: "Bu da ölkəmizin sosialyönümlü təhsilə, biliklərə yiyələnməsindən irəli gəlir. Bununla siz gənclər xaricdə təhsil aldığınız universitetlərdə Azərvbaycanı təmsil edəcəksiniz. Azərbaycan müstəqilliyinin bərpasından qısa müddət keçməsinə baxmayaraq, ölkəmiz dünyada kifayət qədər tanınır. Bu gün Azərbaycan həqiqətlərini, eləcə də Dağlıq Qarabağ münaqişəsini, tarixi abidələrin bədnam qonşular tərəfindən təhrif olunmuş şəkildə yayılmasının qarşısının alınması istiqamətində daima iş gedir. Bu reallıqların çatdırılmasında siz gənclərin öz töhfəsi ola bilər".

Qeyd edək ki, görüşün sonunda Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq hüququ qazanan yeni tələbələrə ilk dəfə olaraq "DP təqaüd kart"ları təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə