NDU və DAAD birgə layihələr reallaşdırır

NDU və DAAD birgə layihələr reallaşdırır

Naxçıvan Dövlət Universiteti (NDU) və Alman Akademik Mübadilə Xidməti (DAAD) birgə layihələr həyata keçirirlər. Bu çərçivədə NDU-da keçirilən kurslarda universitetin alman dili ixtisası üzrə müəllim və tələbələri iştirak ediblər. NDU-nun mətbuat şöbəsindən bildiriblər ki, "Almaniyanın tarixi, coğrafiyası, ədəbiyyatı və mədəniyyəti" mövzusuna həsr olunmuş budəfəki təlim kursunda çıxış edən universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, riyaziyyat üzrə fəlsəfə doktoru Anar Kazımov Almaniyanın təhsil sistemi barədə ümumi məlumat verib.

Bildirilib ki, muxtar respublika rəhbərliyinin qayğısı və dəstəyi ilə təşkil olunan təlim kursları dövlət idarəçiliyi sahəsində milli kadr potensialı, yerli mütəxəssis hazırlığı, beynəlxalq təcrübə mübadiləsi baxımından əhəmiyyətlidir.

NDU-da dünya təhsil sisteminə inteqrasiya, ali təhsil sahəsində ümumavropa təcrübəsinin öyrənilməsi və tətbiqi istiqamətində mühüm işlər görüldüyünü bildirən prorektor, bu təlim kursunda universitetin alman dili ixtisası üzrə müəllim və tələbələrinin iştirak etmələrini onların peşəkar mütəxəssis kimi formalaşmasında mühüm rol oynadığını nəzərə çatdırıb.

Almaniya Universitetinin professoru, alman dili üzrə mütəxəssis, xanım Annett Volff təlimin gedişi zamanı mövzu barədə mühazirələr edib, dərs dediyi universitet haqqında ətraflı məlumat verib və slaydlar təqdim olunub.

Təlim kursunda, həmçinin interaktiv metodlardan istifadə edilməklə dilin tədrisi, sürətli və səlis danışıq, dilin qrammatik quruluşunun tədrisində müasir üsullardan bəhs edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə