Dekan: "Təhsil almaq xətrinə müəllim ixtisasını seçənlər çoxdur"

Dekan: "Təhsil almaq xətrinə müəllim ixtisasını seçənlər çoxdur"

"Danılmaz faktdır ki, son zamanlar müəllimlik ixtisasını seçənlərin sayında azalma müşahidə olunur. Xüsusilə də oğlanlar bu ixtisası seçmir. Bu da onu göstərir ki, müəllim peşəsinə marağı artırmaq üçün işləri daha da təkmilləşdirmək lazımdır". Bunu SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov deyib.

Onun sözlərinə görə, gənclər indiki zamanda daha çox aktual olan sahələrə maraq göstərir: "Bunu da ona görə edirlər ki, gələcəkdə maddi maraqlarını ödəyə bilsinlər. Müəllimlik isə hər zaman zəhmət tələb edib. Müəllim tək bir elmi öyrətmir, eyni zamanda vətəndaşlıq hissini gənclərə daha da dərindən mənimsəməyə kömək edir".

Azərbaycanda təhsil sahəsinin daima dövlətin maraq dairəsində olduğunu deyən Universitetin rəsmisi əlavə edib ki, gənclərin müəllimlik sahəsinə marağını artırmaq üçün görülən stimullaşdırıcı işlərdən başlıcası Təhsil Nazirliyinin yeni tədris ilindən başlayaraq ölkədə müəllimlik ixtisasını seçən tələbələr üçün yeniliklər tətbiq etməsidir: "Belə ki, qəbul imtahanlarında 500 və bundan artıq bal toplayan və müəllimlik ixtisasını I və II yerdə qeyd edərək bu ixtisasa qəbul olunan tələbələrə əlavə təqaüdlər veriləcək. Bu qərar da müəllimlik ixtisasını seçənlərin sayını artıracaq. Bu il belə tələbələrin sayının 300 nəfər olacağı planlaşdırılır. İlkin olaraq 300 tələbəyə Təhsil Nazirliyi tərəfindən 100 manat təqaüd veriləcək. Bu da tələbəyə əvvəlcədən stimul verəcək".

Universitetin filologiya fakültəsinin dekanı onu da deyib ki, aparılan islahatlar o istiqamətə yönəlib ki, cəmiyyət müəllimlərin nüfuzunu başa düşsün və bu peşəyə sahib olmaq istəyən insanlar çətinliyini dərk edə bilsinlər.

Buludxan Xəlilov həmçinin qeyd edib ki, adətən abituriyentlər müəllimlik ixtisasını 4-cü və ya 5-ci yerlərdə yazırlar. Bu da onu göstərir ki, müəllimlik ixtisası sırf abituriyentin sonuncu yerlərin boş qalmaması üçün seçdiyi sahədir və bunu ürəkdən istəmirlər: "Odur ki, təhsil almaq xətrinə müəllim ixtisasını seçənlər çoxluq təşkil edir. Bununla da onlar yalnız diplom almaqla kifayətlənirlər. 4 il onlar sadəcə vaxt itirirlər. Təcrübəmdən çıxış edərək bir faktı da qeyd edim ki, həmin tələbələr universitetdə tədris prosesinə də mane olurlar. Mövcud qərardan sonra hesab edirəm ki, bundan sonra abituriyentlər müəllim ixtisasını istəyərəkdən seçəcəklər, yəni məcburiyyət qarşısında qalıb oxumayacaqlar. Bu da təbii ki, tədris prosesində keyfiyyəti yüksəldəcək".

O eyni zamanda bu addımın Təhsil Nazirliyinin yaratmış olduğu SABAH qruplarında oxuyacaq tələbələrin sayına da təsir edəcəyini deyib: "Yüksək bal toplayan abituriyentlərin gələcəkdə həmin qruplarda yer alması şansı da çoxdur. Yəni, həmin tələbələrin arasından istedadlı gəncləri seçib SABAH qruplarını yaratmaq mümkündür. Bu da digər tələbələr üçün bir nümunə olar".

Bütün xəbərlər Facebook səhifəmizdə