Texnikumlara qəbulun ilkin nəticələri məlum olub

İxtisas seçimində iştirak edənlərin 8795-i orta ixtisas təhsili müəssisələrinə qəbul olub
Texnikumlara qəbulun ilkin nəticələri məlum olub

"İyulun 10-da ümumi orta təhsil bazasından(9 illik) orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi başa çatıb və 17 632 gənc ixtisas seçimində iştirak edib. Bunun əsasında artıq yerləşdirmə aparılıb və ilkin statistika məlumdur". SİA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında qəbulun ilkin nəticələrini açıqlayarkən deyib.

Onun sözlərinə görə, yaxın saatlarda ixtisas seçiminin nəticələri açıqlanacaq və internetdə yerləşdiriləcək: "İlkin statistik məlumatlara əsasən, deyə bilərəm ki, ixtisas seçimində iştirak edənlərin 8795-i orta ixtisas təhsili müəssisələrinə qəbul olub. Xüsusi qabiliyyət tələb etməyən ixtisaslar üzrə qəbul planı 99,94% dolub və cəmi 4 plan yeri boş qalıb. Qalan boş yerlər isə xüsusi qabiliyyət tələb edən ixtisaslardır. Belə yerlər üzrə sənəd verənlərin sayı yerlərlə müqayisədə azdır. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qəbul planının dolma faizi 66,29%-dir. Ümumilikdə isə ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul planı 91,52% dolub".

Abituriyentlərə müraciət edən TQDK sədri qeyd edib ki, ərizə verənlər bu gün nəticələri əldə edəcəklər: "Gələn həftənin bazar ertəsi günündən qəbul olanların qeydiyyatı aparılacaq. Qeydiyyat başa çatandan sonra boş qalan yerlər elan olunacaq. Bazar ertəsi çıxacaq "Abituriyent" jurnalında qəbul olanların siyahısı, keçid balları elan olunacaq. Elə təhsil müəssisələri var ki, orada qəbul planı 100% dolub. Belə ki, Bakıda olan kolleclərin əksəriyyətində - Azərbaycan Maliyyə-İqtisad, Bakı Dövlət İqtisadiyyat və humanitar, Bakı Qida Sənayesi, Bakı Dövlət Sosial-İqtisadiyyat, Azərbaycan Dəniz Balıq Sənayesi, Bakı Dövlət Rabitə-Nəqliyyat kolleclərində, Milli Konservatoriyanın nəzdində Musiqi kolleci, Bakı Texniki Kolleci qəbul planı 100% dolub. Bakıda yalnız Rəssamlıq Akademiyasının kollecində (83% dolub) və Bakı Humanitar Kollecinin musiqi müəllimliyi ixtisasına boş yerlər qalıb. Bölgələrdən isə Gəncə Musiqi Kollecində yerlər 99%, Qazax Dövlət Sənaye Kollecində 95%, Sumqayıt Dövlət Texniki Kollecində 100%, Sumqayıt Musiqi Kollecində 98,85%, Quba Dövlət İqtisadi Kollecində 100%, Şəki Pedaqoji Kollecində 55,55%, Şamaxı Humanitar Kollecində 79%, Lənkəran Dövlət Humanitar Kollecində 68% dolub".

Bütün xəbərlər Facebook səhifəmizdə