Tələbələrə şad xəbər Təqaüd artdı

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində ABŞ, İsveçrə və Çində təhsil alan təqaüdçülərin aylıq təqaüdlərinin məbləğinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə dəyişiklik edilib.

Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Təhsil Nazirliyinin "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın icrası və Dövlət Proqramı çərçivəsində təhsil alan tələbələrin ixtisas biliklərinə tam yiyələnmələri və keyfiyyətli təhsil almaları üçün mövcud şəraitin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi islahatlar davam edir.

Xaricdə təhsil alan tələbələr tərəfindən Təhsil Nazirliyinə ünvanlanan çoxsaylı təklif və müraciətlər əsasında, eyni zamanda Nazirlik tərəfindən Azərbaycan xarici ölkələrdəki diplomatik nümayəndəlikləri vasitəsilə apardığı araşdırmalar nəticəsində, Dövlət Proqramı çərçivəsində təhsil alan tələbələrin maddi rifahının yaxşılaşdırılması və onların təhsil aldığı ölkələrdəki inflyasiya şəraitinə uyğun olaraq xərclərinin qarşılanmasında rahatlıqlarının təmin olunması məqsədilə 2014-2015-ci tədris ilindən etibarən ABŞ, İsveçrə və Çində təhsil alan təqaüdçülərin aylıq təqaüdlərinin məbləğinə dəyişiklik edilib.

Dəyişiklik nəticəsində, ABŞ-ın yaşayış səviyyəsi yüksək olan şəhərlərinin siyahısına Los-Anceles, San-Fransisko şəhərləri də əlavə edilərək aylıq təqaüdlərin məbləği 1900 ABŞ dollarına, digər şəhərlər üçün isə 1400 ABŞ dollarına çatdırılıb. Eyni zamanda, İsveçrə və Çin (Honkonq və Şanxay şəhərləri) üzrə də aylıq təqaüdlərin məbləği müvafiq ardıcıllıqla 1400 avroya və 1050 ABŞ dollarına qaldırılıb.

Ətraflı məlumatı aşağıdakı keçiddən əldə edə bilərsiniz.

http://cabmin.gov.az/?/az/pressreliz/view/1379/

Əminik ki, Dövlət Proqramı çərçivəsində təhsil alan bütün tələbələr yüksək akademik nailiyyətlərlə məzun olduqdan sonra qarşıya qoyulmuş məqsədlərə uyğun olaraq, Azərbaycanın gələcək inkişafı və xalqımızın rifahı naminə aparılan islahatlar prosesinə öz töhfələrini verəcəklər. Dövlət Proqramının effektiv və səmərəli icrası istiqamətində islahatlar bundan sonra da davam etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...