BSU-da yunanşünaslığın inkişaf perspektivləri müzakirə olundu FOTO

BSU-da yunanşünaslığın inkişaf perspektivləri müzakirə olundu FOTO

Yunanıstan Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Dimitrios Tsungas və Yunanıstanın keçmiş Təhsil naziri, Beynəlxalq "Onassis" Fondunun təhsil üzrə baş katibi cənab Petros Evfimiu Bakı Slavyan Universitetinin qonağı olublar.

Universitein mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, ali təhsil müəssisəsinin rektoru prof. Asif Hacıyevlə görüş zamanı qonaqlar BSU-da yunanşünaslığın inkişafından razı qaldıqlarını ifadə etməklə yanaşı, "Onassis" Fondunun təhsil üzrə Azərbaycanda həyata keçirəcəyi layihələrin Bakı Slavyan Universitetinin dəstəyi və iştirakı ilə reallaşmasında maraqlı olduqlarını bildiriblər. Tərəflər burada yunanşünaslığın inkişaf perspektivlərini, bu istiqamətdə Fondun təqdim etdiyi layihələrə qoşulma imkanlarını müzakirə ediblər. Cənab Petros Evfimiu qarşılıqlı anlaşmaya əsasən ilkin olaraq 2015-ci ildən BSU-da "Qədim yunan fəlsəfəsi" kursunun tədrisinin planlaşdırıldığını və layihənin Fond tərəfindən maliyyələşəcəyini söyləyib. Həmçinin dinləyici qismində BSU tələbələri ilə yanaşı digər ali məktəb tələbələrinin də dərslərdə iştirak edə biləcəyi xüsusilə vurğulanıb.

Əməkdaşlığın perspektivləri müzakirə olunan zaman "Azərbaycanca-yunanca luğət"in hazırlanması, Qədim yunan ədəbi abidələrinin Azərbaycan dilinə orijinaldan tərcümə olunması fikri irəli sürülüb. Yunan istiqamətinin inkişafı və yeni layihələrin reallaşması üçün BSU mütəxəssislərinin və tələbələrinin Yunanıstana ezam edilməsınin vacibliyi söylənilib.

Cənab Dimitrios Tsungas və Cənab Petros Evfimiu Azərbaycan və Yunanıstan arasında təhsil sahəsində əlaqələrin hər iki dövlətin rəhbərliyi səviyyəsində dəstəkləndiyini və bu layihənin məhz BSU-nun iştirakı ilə həyata keçiriləcəyi üçün universitet rəhbərliyinə minnətdarlıq hissi duyduqlarını vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə