Bakı Ali Neft Məktəbi, Sabancı Universiteti, Hədəf Kursları və Psixologiya-Konsultasiya Mərkəzinin birgə təşkilatçılığı ilə BANM-də 2 günlük "Abituriyentlərin imtahana psixoloji hazırlığı" adlı layihə həyata keçirilib.
Məktəbdən SİA-ya verilən xəbərə görə, iki gün davam edən seminarın keçirilməsində əsas məqsəd qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün imtahan öncəsi və imtahan zamanı yaranan həyacan və narahatçılığın aradan qaldırılması və vaxtın idarə olunmasına kömək etmək olub.
Layihədə respublikamızın tanınan psixoloqları ilə yanaşı, Türkiyə Respublikasından dəvət olunan professorlar abituriyentlərə özünə inam, diqqət və konsentrasiya, stress, həyacan, ümidsizlik, qərarsızlıq və s. aradan qaldırılması, imtahan müddətində vaxtın düzgün bölünməsi, imtahan sonrası ixtisas seçimində düzgün qərar vermələri ilə bağlı məsləhətlər veriblər.
Qarşıdan gələn qəbul imtahanlarında abituriyentlərə uğurlar arzu edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, bu kimi layihələrin təşkil olunmasını təhsilin inkişafında uğurlu addımlardan biri kimi hesab edir. O qeyd edib ki, beynəlxalq təcrübədə imtahan öncəsi bu tip seminarların keçirilməsi abituriyentlərin qəbul imtahanlarında daha yaxşı nəticə göstərdiyini sübut edib. Bu baxımdan belə layihələrin tez-tez təşkil olunması istər abituriyentlər üçün, istərsə də onların valideyinləri üçün olduqca önəmli və vacibdir.
Tədbirdə çıxış edən Hədəf kurslarının direktoru Şəmil Sadıq bu gün ölkəmizdə həyata keçirilən gənclər siyasətinə əsasən gənclərin özlərin yüksək səviyyədə inkişaf etdirmələri üçün Dövlət tərəfindən yüksək şəraitin yaradıldığını qeyd edib və bildirib ki, öz gələcəyini və ölkəmizin gələcəyini düşünən hər bir gənc bu imkanlardan maksimum yararlanmalıdır. Daha sonra Ş. Sadıq hər bir abituriyentə ən çox istədikləri tələbə adını qazanmalarını diləyib.
Tədbirin sonunda ən fəal iştirakçılara Bakı Ali Neft Məktəbinin, Sabancı Universitetinin və Hədəf kurslarının hədiyyələri təqdim olunub.
Layihənin ən fəal iştirakçısı Nigar Qasımova isə Sabancı Universitetinin dəstəyi ilə iki günlük İstanbul gəzintisi hüququ qazanıb.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB