İyulun 3-də Azərbaycan Texniki Universitetində (AzTU) Rusiya Federasiyasının Moskva Energetika İnstitutunun nümayəndə heyəti ilə görüş keçirilmişdir. AzTU-nun mətbuat xidmətindən bildirmişlər ki, görüşdə universitetin rektoru, professor Havar Məmmədov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin Moskva Energetika İnstitutu ilə sıx elmi əməkdaşlıq yaradılmasında maraqlı olduğunu diqqətə çatdırmışdır.
Rektor qeyd etmişdir ki, hər iki ali təhsil ocağının əməkdaşlığı, bir sıra beynəlxalq layihələrdə birgə iştirakı səmərəli nəticələr verə bilər. Professor H. Məmmədov Azərbaycan Texniki Universiteti ilə Moskva Energetika İnstitutu arasında qarşıdakı illərdə birgə fəaliyyət barədə müqavilə imzalanmasını dəstəklədiyini bildirmişdir.
Görüşdən məmnun qaldığını qeyd edən Moskva Energetika İnstitutunun rektoru, professor Nikolay Roqalyov bu ali məktəb haqqında ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, əsası 1930-cu ildə qoyulan təhsil müəssisəsinin Rusiyanın müxtəlif bölgələrində 3 filialı fəaliyyət göstərir. Hazırda 24 istiqamətdə bakalavr və magistr hazırlayan institutun 14 min 685 tələbəsi vardır. Ali məktəbin 2014-2018-ci illər üçün kompleks inkişaf proqramı həyata keçirilməkdədir. Məqsəd Rusiya Federasiyası energetikasının və iqtisadiyyatının enerji səmərəliliyini yüksəltməkdən ibarətdir.
N. Roqalyov xatırlatmışdır ki, rəhbərlik etdiyi ali məktəbdə tədris metodlarının təkmilləşdirilməsi, milli iqtisadiyyatın inkişafını təmin edən texniki və texnoloji əsaslarını mənimsəyən kadrların hazırlanması üçün konkret proqram həyata keçirilməkdədir.
Görüşdə Azərbaycan Texniki Universiteti ilə Moskva Energetika İnstitutu arasında əməkdaşlıq barədə müqavilə imzalanmışdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB