Tələbələr “Azərikimya”da istehsalat təcrübəsinə başlayıblar

Tələbələr “Azərikimya”da istehsalat təcrübəsinə başlayıblar

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) təşəbbüsü ilə gələcəyin neft-kimya mütəxəssislərinin təcrübi biliklərinin artırılması, onlarda neft-kimya sənayesinin mürəkkəb istehsalatını idarə etmək vərdişlərinin aşılanması məqsədilə həyata keçirilən "Yay təcrübəsi proqramı"na uyğun olaraq, respublikanın bir sıra nüfuzlu ali təhsil ocaqlarının – M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının, Sumqayıt Dövlət Universitetinin və digər ali məktəblərin "Azərikimya" İstehsalat Birliyinin (İB) etilen-polietilen zavodunda istehsalat təcrübəsinə başlamış kimya mühəndisliyi fakültələrinin bir qrup tələbəsi ilə İB rəhbərliyinin təqdimat xarakterli görüşü keçirilmişdir.

Yay təcrübəsinin ilk günündə tələbələr əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları barədə təlimatlandırılmış və təcrübə rəhbərlərinin müşayiəti ilə təcrübə sahələrinə baxmışlar. Kimya və kimya mühəndisliyi ixtisasları üzrə ali təhsil alan tələbələr 10 gün ərzində İB-nin etilen-polietilen zavodunun buxar-generator kompleksi, susoyutma qurğusu, azot-oksigen kompleksi və "EP-300" istehsalatında kimya sənayesi ilə bağlı təcrübi biliklərini artıracaq, seçdikləri ixtisasların tətbiq olunduğu sahələr üzrə ilkin adaptasiya keçəcək, nəzəri biliklərini təcrübədə daha da zənginləşdirəcəklər. Bu isə gələcəkdə ixtisaslı kadrlar kimi əmək fəaliyyətinə başlayarkən onlar üçün mühüm əhəmiyyət kəsb edəcəkdir.

Tələbələr "Azərikimya" İB-də təcrübələrini başa vurduqdan sonra bu qurumun rəhbərliyinin təşəbbüsü və dəstəyi ilə "Yay proqramı" çərçivəsində iyunun 14-dən etibarən bir ay müddətində Türkiyənin İzmir şəhərində yerləşən və dünyanın ən nüfuzlu şirkətlərindən olan "Petkim Petrokimya Holdinq" şirkətində istehsalat təcrübələrini davam etdirəcək və Birlik rəhbərliyinə müqayisəli şəkildə təkliflərini təqdim edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə