Biblioqraf 80 illik yubileyi ərəfəsində AMEA-nın Mərkəzi Kitabxanasının qonağı olib
Tanınmış kitabxanaçı

Tanınmış kitabxanaçı biblioqraf Hərifət Həmidova 80 illik yubileyi ərəfəsində AMEA-nın yeni Mərkəzi Kitabxana/İnformasiya Resursları Mərkəzinin (MK/İRM) qonağı olmuş və işçi heyət ilə görüşmüşdür. Mərkəzdən bildirmişlər ki. MK/İRM ilə tanışlıqdan sonra qonaq ilə kitabxana və biblioqrafik fəaliyyət mövzusu ətrafında fikir mübadiləsi aparılmışdır.

Uzun illər M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının məlumat-biblioqrafiya şöbəsinin müdiri vəzifəsində çalışmış Hərifət Həmidova zəngin kitabxanaçı təcrübəsi, kitabxanaçılıq fəaliyyətinin çətinlikləri, peşə problemləri, biblioqrafik məlumatın tərtib olunması, oxucular ilə əlaqələrin yaradılması və başqa mövzularda maraqlı söhbət etmişdir. Qonaq, eyni zamanda, MK/İRM-nin işçi heyətinin çoxsaylı suallarını cavablandırmışdır.

Görüş zamanı Hərifət Həmidova kitabxananın sərgi salonunda onun 80 illik yubileyi münasibətilə tərtib edilmiş, həyat və fəaliyyətini əks etdirən ekspozisiya ilə tanış olmuşdur.

Ekspozisiyada tanınmış kitabxanaçının özü haqqında və müəllifi olduğu metodik məqalələri əks etdirən qəzet nümunələri, biblioqrafik əsərləri, təltif və mükafatları nümayiş etdirilmişdir.

Qeyd edək ki, 2008-ci ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Hərifət Həmidova "Tərqqi" medalı ilə təltif olunmuşdur.

Qonağı səmimiyyətlə qarşılayan MK/İRM-nin işçi heyəti biblioqrafın həyat yolunu əks etdirən təqdimatı izləmişdir. Təqdimatdan sonra qonaq görüş iştirakçılarına kitabxanaçı davranışı, kitabxanada nizam-intizamın rolu, məlumatın formalaşdırılması, kitabxanaçı həyatının maraqlı və sevincli və çətin məqamlarından söhbət açmışdır.

"Dəqiqlik, düzgünlük və peşəyə sadiqlik" – Hərifət Həmidovanın həyat kredosuna çevrilmiş ifadə kimi görüş iştirakçılarının yaddaşında qalmışdır.

İRM-nin direktoru Leyla İmanova təcrübəli biblioqraf Hərifət Həmidovanı klassik kitabxanadan müasir kitabxanaya keçid dövrünün eksperti qismində kitabxananın mühüm tədbirlərində iştirak etməyə dəvət etmişdir. Qonaq isə öz növbəsində ona olan bu hörmət və diqqəti yüksək qiymətləndirmişdir.

Görüşün sonunda xatirə şəkli çəkdirilmişdir. Qonaq Mərkəzi Kitabxana ilə tanışlıqdan məmnunluğunu ifadə etmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə