İyunun 30-da Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun İsrail Knessetinin (parlament) nümayəndə heyətinin rəhbəri David Tsurun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü olmuşdur.
ADU-nun ictimaiyyətlə əlaqələr departamentindən bildirmişlər ki, görüşdə professor Səməd Seyidov Azərbaycan və İsrail arasındakı əlaqələrin, o cümlədən təhsil sahəsindəki əməkdaşlığın əhəmiyyətindən danışmışdır.
Universitetdə İsrail və Yaxın Şərq Araşdırmalar Mərkəzinin fəaliyyət göstərdiyini xatırladan rektor mərkəzin əlaqələrin inkişafına, yüksək ixtisaslı kadrların hazırlanmasına yardımçı olduğunu diqqətə çatdırmışdır. Professor S. Seyidov regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsində israilşünaslıq ixtisasında 40 tələbənin təhsil aldığını söyləmişdir.
ADU-nun bir çox Avropa universitetləri ilə həyata keçirdiyi proqramlar və layihələrdən bəhs edən rektor bu layihələri İsrail universitetləri ilə reallaşdırmağa xüsusi önəm verdiyini bildirmişdir.
İsrail Prezidenti Şimon Peres və xarici işlər naziri Aviqdor Libermanın ADU-ya səfərlərini xatırladan professor S. Seyidov həmin səfərlərin universitetin həyatında əlamətdar hadisə olduğunu söyləmişdir.
Rektor universitetdə təhsilin inkişafı üçün əhəmiyyətli tədbirlərin həyata keçirildiyini, İsrailin Azərbaycandakı səfirliyinin ADU ilə sıx əməkdaşlıq etdiyini də vurğulamışdır.
Görüşdən məmnun qaldığını bildirən David Tsur universitetdə fəaliyyət göstərən İsrail və Yaxın Şərq Araşdırmalar Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirmişdir. Qonaq birgə layihələrin həyata keçirilməsinin, mübadilə proqramlarının əlaqələrin inkişafı üçün vacib olduğunu xatırlatmışdır.
Sonra əməkdaşlığın perspektivləri, müəllim-tələbə mübadiləsi ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Qonaqlar İsrail və Yaxın Şərq Araşdırmalar Mərkəzi ilə tanış olmuş və israilşünaslıq ixtisasında təhsil alan tələbələrlə görüşmüşlər.
Görüşdə İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz iştirak etmişdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB