Azərbaycanda II Beynəlxalq Yapon dili natiqlik müsabiqəsi keçirilib FOTO

Azərbaycanda II Beynəlxalq Yapon dili natiqlik müsabiqəsi keçirilib FOTO

Azərbaycan Dillər Universitetində (ADU) universitetin Yapon Mərkəzinin təşkilatçılığı ilə GUAM ölkələri II Beynəlxalq Yapon dili natiqlik müsabiqəsi keçirilib.

ADU-dan SİA-ya verilən xəbərə görə, Bakı Dövlət Universiteti, Yapon Fondu, "Panasonic LTD", Toyotanın Qafqaz üzrə rəsmi distribütorunun Azərbaycan nümayəndəliyi, "İtochu Neft İstismarı" Səhmdar Cəmiyyəti, "TEC İnternational", Tokyo Elektrik Enerjisi Xidmətləri Şirkəti və Bakı Yapon Cəmiyyətinin dəstəyi ilə keçirilən müsabiqənin açılış mərasimində çıxış edən Yaponiyanın Azərbaycandakı səfirinin müşaviri Ashida Kenji GUAM ölkələri II Beynəlxalq Yapon dili natiqlik müsabiqənin keçirilməsi münasibətilə iştirakçıları təbrik edib.

O, çıxışında xarici dil öyrənməyin çətin olduğunu qeyd edib. Xarici dil öyrənməyin müsbət cəhətlərindən danışan Ashida Kenji tələbələrin həmin ölkənin dilini, mədəniyyətini, tarixini mükəmməl öyrəndiyi zaman onlar kimi düşünə bildiklərini vurğulayıb və istənilən vaxt həmin ölkənin nümayəndələri ilə fikir mübadiləsi apara bildiklərini sözlərinə əlavə edib. O, tələbələrə Yapon dilini bundan sonra da öyrənməyə davam etmələrini tövsiyə edib və onların iki ölkə arasında körpü rolunu oynayacağına ümid etdiyini bildirib. Çıxışının sonunda A.Kenji tədbirin keçirilməsinə şərait yaratdığı üçün Azərbaycan Dillər Universitetinin rəhbərliyinə, müsabiqəyə dəstək göstərən hər kəsə minnətdarlığını bildirib.

Daha sonra çıxış edən ADU rektorunun müşaviri Vazeh Əsgərov universitet rəhbərliyi və rektor, Milli Məclisin deputatı, professor Səməd Seyidovun adından qonaqları salamlayıb. O, tədbirə dəstək verən Bakı Dövlət Universitetinə və Yaponiyanın Azərbaycandakı dünyaca məşhur şirkətlərinə öz təşəkkürünü bildirib. Vazeh Əsgərov ADU-da 20 il bundan əvvəl 3 əsas dilin tədris edildiyini, ancaq bu gün universitetdə tədris olunan dillərin 20-dən çox olduğunu qonaqların diqqətinə çatdırıb. Vazeh Əsgərov ADU-da müxtəlif dillərin mərkəzlərinin mövcud olduğunu və həmin mərkəzlərdə tələbələrin, professor-müəllim heyətinin birbaşa dillərin tədrisi ilə məşğul olduqlarını bildirib. Universitetdə Yapon mərkəzinin fəaliyyətindən danışan müşavir ADU-da Yaponşünaslıq ixtisasının da olduğunu iştirakçıların nəzərinə çatdırdı. Sonda o, iştirakçılara uğurlar arzu edib.

Sonra münsiflər heyətinin üzvləri- Yaponiyanın Azərbaycandakı səfirliyinin müşaviri Ashida Kenji, Kiyev Milli Linqvistik Universitetinin nümayəndəsi Oyama Daiki, Gürcüstan Azad Universitetinin nümayəndəsi Konstantin Tsereteli, Moldova-Yaponiya əlaqələr fondunun nümayəndəsi Konako Ukai, Belarus Dövlət Universitetinin nümayəndəsi Yamaquçi Satoru iştirakçılara təqdim olundu, müsabiqənin şərtləri izah edilib.

Müsabiqənin şərtlərinə əsasən Azərbaycan, Ukrayna, Gürcüstan, Belarus və Moldovadan olan 15 nəfər tələbə yapon dilində nitq söyləməlidirlər. İnşalar "Mənim ölkəm və Yaponiya" mövzusunda oldu. 5 dəqiqə ərzində təqdim olunan nitqin uzunluğunu 4 dəqiqə 30 saniyədən az olarsa və ya 5 dəqiqə 30 saniyəni keçdiyi zaman iştirakçılardan bal çıxılacağı, nitq bitdikdən sonra isə sual-cavab olacağı haqda məlumat verilib. Nitqlər inşa mətninin orijinallığı, məzmunun dərinliyi, ifadə gücü, inşa dilinin aydınlığına görə münsiflər heyəti tərəfindən qiymətləndiriləcəyi bildirilib.

Sonra müsabiqədə iştirak edən 15 nəfər iştirakçı tələbənin bir dəqiqəlik videoçarxı yayımlanıb.

Daha sonra iştirakçı tələbələr "Unudulmaq üzrə olan dəyərli ənənələr", "Ukrayna və Yaponların ürəyi", "Yaponlar və Ukraynalıların firavanlığına aparan qısa yol", "Mən və Yaponiya", "Moldovanın Yaponiyası", "Mən və Yaponları birləşdirən nöqtə", "Xoş gəlmisiniz", "Məni dəyişdirən Yaponiya", "Təslim olmayacam", "Arzularımın işi", "Peşmanlıq simvolu" "Uşaqların sevinci", "Yaponlardan öyrəndiklərim", "Yapon mahnısından başlayan dünya", "Mədəni əlaqələr sülhə xidmət edir" mövzularında çıxışlar ediblər.

Çıxışlardan sonra konsert proqramı olub.

Konsert proqramından sonra tələbələrin natiqlik bacarıqları münsiflər heyəti tərəfindən qiymətləndirilərək qaliblər elan olunub. Qalib gələn müsabiqə iştirakçılarına- I yer Azərbaycan Dillər Universitetinin tələbəsi Zərifə Aydayeva, II yer Azərbaycan Dillər Universitetinin tələbəsi Asəf Kərimli, III yer Kiyev Milli Linqvstik Universitetinin tələbəsi Yuliya Boyarçuk, IV yer Kiyev Milli Linqvsitk Universitetinin tələbəsi Alla Smoliyarova, V yer Bakı Dövlət Universitetinin tələbəsi Vəfa Axundova, VI yer Gürcüstan Azad Univeristetinin tələbəsi Nino Malania və xüsusi mükafat Belarus Dövlət Universitetinin tələbəsi Anastasiya Piatroviçə təqdim olunub.

İştirakçılara tərifnamə və hədiyyələr verildikdən sonra ADU-nun yapon dili müəllimi Yaşar İbrahimov çıxış edib. O, çıxışında iştirakçıları salamlayaraq müsabiqənin keçirilməsinə dəstək verənlərə minnətdarlığını bildirib və iştirak etdikləri üçün onlara təşəkkür edib, müsabiqədə qalib gələn tələbələri isə təbrik edib.

Qeyd edək ki, Yapon Mərkəzi Azərbaycan Dillər Universitetində 2012-ci ilin fevralından fəaliyyət göstərir.

Mərkəzdə yapon dilini öyrənmək istəyən tələbələr və digər Azərbaycan vətəndaşları üçün hazırlıq kursları təşkil olunur. Bundan başqa ixtisasca yaponşünas tələbələrlə birlikdə yapon mədəniyyət nümunələri – oriqami, çado, ikebana və s. ilə bağlı tədbirlər təşkil olunur.

Mərkəz birbaşa Universitet tərəfindən maliyyələşir.

Yapon mərkəzinin nəzdində kiçik kitabxana fəaliyyət göstərir. Həmin kitabxanada həm dərsliklər, dərs vəsaitləri, həm də bədii ədəbiyyatlar var.

Mərkəzdə tez –tez yapon mədəniyyəti nümunələri nümayiş olunur, tədbirlər keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə