İyulun 29-dakı buraxılış imtahanında 5406 şagird iştirak edəcək

İyulun 29-dakı buraxılış imtahanında 5406 şagird iştirak edəcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 29-da buraxılış imtahanları keçirəcək. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, imtahan respublikanın 14 şəhər və rayonunda - Bakı, Naxçıvan, Gəncə, Tovuz, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran, Masallı və Xaçmazda keçiriləcək.

Bu imtahanlarda ümumi orta və tam orta təhsil səviyyələrini əvvəlki dərs illərində başa vuran, lakin müxtəlif səbəblərə görə yekun attestasiyası aparılmayan, eləcə də eksternat qaydasında attestasiyada iştirak etmək üçün təhsil aldıqları təhsil müəssisələrinə müraciət edən və imtahana buraxılması haqqında həmin təhsil müəssisəsi tərəfindən qərar qəbul edilən şagirdlər, əvvəlki illərdə keçirilən buraxılış imtahanlarında məqbul qiymət ala bilməyən şagirdlər, həmçinin üzrlü səbəbdən 2014-cü ildə keçirilən buraxılış imtahanlarında iştirak edə bilməyən cari ilin məzunu olan şagirdlər iştirak edəcəklər.

Bu imtahanlarda iştirak edəcək şagirdlər "İmtahana buraxılış vərəqəsi"ni internet vasitəsilə çap edib götürə bilərlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Yaddaş kitabçası"ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

1. "İmtahana buraxılış vərəqəsi"ni;
2. Şəxsiyyəti təsdiq edən sənədin əslini:

- 16 yaşı 2014-cü il aprelin 30-dək tamam olmayan şagirdlər digər sənədlərlə yanaşı təhsil müəssisəsi tərəfindən verilmiş arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahanlarda ümumilikdə ( 9 və 11-ci siniflər üzrə) 5406 şagirdin iştirakı gözlənilir. İmtahanlar bütün binalarda eyni vaxtda - saat 11-də başlanır.

9-cu siniflərin buraxılış imtahanında iştirakı nəzərdə tutulan 2194 şagirddən 1932 nəfəri Azərbaycan, 262 nəfəri rus bölməsində təhsil alır, onların 1419 nəfəri oğlan, 775 nəfəri qızlardır.

11-ci siniflərin buraxılış imtahanında iştirakı nəzərdə tutulan 3212 şagirddən 2930 nəfəri Azərbaycan, 279 nəfəri rus bölməsinin şagirdləridir. Onların 2592 nəfəri oğlan, 620 nəfəri qızlardır.

Buraxılış imtahanının qaydalarına görə: Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri üzrə keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə