TQDK sədri mətbuat konfransı keçirib

TQDK sədri mətbuat konfransı keçirib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013 və 2014-cü illər üzrə keçirilən buraxılış imtahanlarının müqayisəli təhlilini aparıb. SİA-nın məlumatına görə, TQDK sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında 2013-cü ildə IX siniflər üzrə buraxılış imtahanı verən şagirdlərin ümumi balı haqda məlumat verib: "Ümumi balı 25 bal olubsa, 2014-cü ildə bu nəticə 25,94 baldır. 1 il ərzində şagirdlərin ümumi balı arasındakı fərq 0,94% yüksək olub. Burada müəyyən irəliləyiş var. Buraxılış imtahanında müvəffəq qiymət alanların faizini də müqayisə etsək görərik ki, 2013-cü ildə bu rəqəm 58,41%, 2014-cü ildə 62,15% olub. Burada təxminən 3,74% artım olub. Mən deyə bilmərəm ki, sıçrayış olub, amma balları hesablayanda kifayət qədər müsbət nəticələrin olduğu görünür".

XI sinif şagirdlərinin nəticələrinə gəlincə, TQDK sədri qeyd edib ki, 2013-2014-cü il ərzində şagirdlərin ümumi balı arasında fərq 1,81 olub. Onun sözlərinə görə, müvəffəq qiymət alanların faizi isə 2014-cü ildə 74,19%, 2013-cü ildə 72,14% olub: "Burada biz 2% müsbətə doğru fərq görürük. Azərbaycan dili fənnindən fərq IX sinifdə 2%-dirsə, XI sinifdə 4%, Rus dilindən IX sinifdə 5%, XI sinifdə 11%, Riyaziyyatdan IX sinifdə 0,28%, XI sinifdə 2, 02%-dir. Bu, cüzi olaraq müsbət rəqəmlərdir. Amma prosesin müsbət istiqamətdə getməsini bizə xəbərdarlıq edir. Mən deyə bilmərəm ki, sıçrayış olub. Bu isə onu göstərir ki, imtahanlara gələnlərin məsuliyyəti artıb. Tədris prosesində də müəyyən dəyişiklər olub ki, bizdə indi bu müsbət rəqəmlər var. Biz bunu daha geniş halda öz şərhlərimizlə bütün imtahanlar bitəndən sonra ictimaiyyətə çatdırılacaq. Bu, buraxılış imtahanı ilə bağlı ilkin məlumatlardır".

TQDK sədri hələ də bəzi ali məktəblərdən qeydiyyatdan keçən magistrlərin olmadığını bildirib: "Ali məktəblərin magistraturalarına qəbul olanların qeydiyyat prosesi başlayıb. Lakin təəssüflər olsun ki, hələ də elə ali məktəblər var ki, orada heç 0% magistrlər qeydiyyatdan keçməyib. Qeydiyyat prosesi təxminən 2-3 gündür davam edir. Magistrlərin qeydiyyatı prosesi iyulun 5-dək davam edəcək və bu müddətdə qeydiyyatdan keçməyənlərin yeri boş yerlər kimi qeydə alınacaq və yenidən elan olunacaq. Bu vaxta kimi Bakı Dövlət Universitetində magistraturaya qəbul olunan 630 nəfərdən yalnız 5 nəfər keçib ki, bu da heç 1% etmir. Yalnız Azərbaycan Texniki Universitetindən 11% qeydiyyatdan keçib. Belə ki, orada magistraturaya qəbul olan 200 nəfərdən 26 nəfəri qeydiyyatdan keçib və bu da çox aşağı rəqəmlərdir. Magistrlərin ali məktəblərdəki qeydiyyatı iyulun 5-də başa çatır və bu müddət ərzində magistrlər ali məktəblərə qeydiyyat üçün müraciət etməlidirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə