ADİU-da keçirilən “Tyutor hazırlığı” təlimləri başa çatıb FOTO

ADİU-da keçirilən “Tyutor hazırlığı” təlimləri başa çatıb FOTO

Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində orta ixtisas təhsili müəssisələri üçün "Tyutor hazırlığı" təlimlərini müvəffəqiyyətlə bitirənlərin sertifikatının təqdimetmə mərasimi keçirilib. Universitetdən SİA-ya verilən xəbərə görə, tədbirdə ADİU-nun rektoru, professor Ədalət Muradov, Təhsil nazirinin müşaviri İlham Pirməmmədov və orta ixtisas təhsili müəssisələrinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan rektor bildirib ki, Təhsil Nazirliyinin sifarişi ilə təşkil olunan bu təlimlər Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Respublikasında təhsilin inkişaf üzrə Dövlət Strategiyası"na əsasən tətbiq edilən təhsildə kredit sisteminin tərkib hissəsidir.

Ə.Muradov vurğulayıb ki, bu strategiya ilə Azərbaycanda təhsil sferasının islahatları və modernləşməsinin keyfiyyətcə yeni mərhələsi başlanıb. Baloniya sistemində tyutorların əhəmiyyətindən danışan rektor bildirib ki, iki ay davam edən təlimlər universitetin təcrübəli təlimçiləri tərəfindən həyata keçirilib.

Təhsil nazirinin müşaviri İlham Pirməmmədov çıxışında qeyd edib ki, tyutor sistemi ADİU-da müvəffəqiyyətlə tətbiq olunur. Bu səbəbdən də təlimlərin keçirilməsini məhz bu universitetə həvalə olunub.

Tədbirin sonunda təlim iştirakçıları sertifikatla təltif olunublar.

Qeyd edək ki, orta ixtisas təhsili müəssisələri üçün ilk dəfə təşkil olunan təlimdə ölkədə fəaliyyət göstərən 48 orta ixtisas müəssisəsindən nümayəndələr iştirak edib. Kursun strukturu və məzmunu "Orta ixtisas tədris müəssisələrində kredit sistemi ilə tədrisin təşkili qaydaları"na əsasən tərtib edilib. Kursun ümumi həcmi 174 saat, o cümlədən mühazirə dərsləri 36 saat, məşğələ dərsləri isə 138 saat təşkil edir. Təlim iştirakçıları həmçinin ADİU-nin "Qeydiyyat" şöbəsində fəaliyyət göstərən tyutorların yanında təcrübə keçiblər.

Təlim ən müasir, interaktiv üsullarla aparılıb, üstünlük təşkil edən praktiki dərslərin sayəsində gələcək tyutorların peşəkar bilik vəsəriştəsinin artırılmasına zəmin yaradıb. Təlimdə dərslər kredit sistemi ilə tədrisin təşkili qaydarı əsasında keçirilib. Keçirilən mövzuları tam mənimsəmək üçün Virtual kollec yaradılib.

Bütün xəbərlər Facebook səhifəmizdə