Əli bəy Hüseynzadənin 150 illik yubileyi qeyd edilib

Əli bəy Hüseynzadənin 150 illik yubileyi qeyd edilib

İyunun 19-da Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi Əli bəy Hüseynzadənin 150 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. AMİ-dən SİA-ya verilən xəbərə görə, İnstitutun rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı tədbiri giriş sözü ilə açaraq Əli bəy Hüseynzadənin XX əsr Azərbaycan ədəbiyyatı tarixində öz dəsti-xətti ilə tanınan ziyalılardan biri olduğunu qeyd edib. Bildirilib ki, şair, dramaturq, publisist Ə.Hüseynzadənin həyat yolu romantizm ədəbi cərəyanı və bu cərəyanın türkləşmək, avropalaşmaq və islamlaşmaq ideyası ilə bağlı olub.

Rektor prof. A.H.Naxçıvanlı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 21 yanvar 2014-cü il tarixli Sərəncamına əsasən çoxşaxəli fəaliyyəti boyunca yaratdığı zəngin fəlsəfi-publisistik, ədəbi-elmi irsi sayəsində Azərbaycan maarifçiliyi tarixinə qiymətli töhfələr verən görkəmli ictimai xadim Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi xalqımızın böyük mütəfəkkirlərinin, tanınmış şəxsiyyətlərin irsinin öyrənilməsinə dövlətin diqqət və qayğısının göstəricisidir.

Əli bəy Hüseynzadə yaradıcılığının tədqiqatçısı Azər Turan "Əli bəy Hüseynzadə və onun fəaliyyəti" mövzusunda çıxış edərək bildirib ki, o, kiçik yaşlarında ikən ailəsi ilə birlikdə Tiflisə köçüb. Atasını erkən itirən Ə.Hüseynzadə o zaman Qafqaz şeyxülislamı olan babası Axund Əhməd Səlyaninin himayəsində böyüyüb. Tiflis gimnaziyasını bitirmiş, uşaqlıq və tələbəlik illərində türk, fars, ərəb, alman və rus dillərini öyrənmişdir. 1885-ci ildə Sankt-Peterburq Universitetinin riyaziyyat fakültəsinə daxil olmuş, həm də şərq fakültəsində görkəmli professorların mühazirələrini dinləyib. 1897-ci ildə o, Qırmızı Aypara Cəmiyyəti heyətinin tərkibində İtaliyaya gedib. Üç ildən sonra geri qayıdaraq müsabiqə yolu ilə İstanbul Darülfünunda əsgəri-tibb fakültəsində professor köməkçisi vəzifəsinə təyin edilir. Əli bəy Hüseynzadə 1940-cı ildə İstanbulda vəfat edib.

Azərbaycan ədəbiyyatı və onun tədrisi metodikası kafedrasının dosenti İsgəndər Orucəliyev "Əli bəy bir ədəbiyyatşünas kimi" mövzusunda çıxış edərək qeyd edib ki, M.F.Axundzadədən sonra o, Avropa ədəbi-nəzəri, fəlsəfi və estetik fikirlərini Azərbaycan ədəbiyyatşünaslığına gətirmişdir, şeir və ədəbiyyata tərif verib. Dos. Nazilə Abdullazadə "Əli bəy Hüseynzadənin şeirləri" mövzusunda çıxışında vurğulayıb ki, Ə.Hüseynzadənin Azərbaycan ədəbiyyatşünaslığı tarixində məxsusi bir yer tutur. O, təkcə şair deyildi, şöhrəti müsəlman Şərqini aşan filosof və jurnalist, gözəl həkim idi.

Dos. Zaman Əsgərli, prof. Mircəfər Həsənov da tədbirdə çıxış edərək Əli bəy Hüseynzadə kimi bir şəxsiyyətin yubiley tədbirlərinin keçirilməsini alqışlayıb, böyük mütəfəkkirin həyat və yaradıcılığı haqqında öz fikirlərini bölüşüblər. Vurğulanıb ki, ədibin "Qırmızı qaranlıqlar içində yaşıl işıqlar", "Siyasət və fürusət", "Nicat məhəbbətdədir", "Məcnun və Leylayi-islam", "Türk dilinin vəzifeyi-mədəniyyəsi" kimi əsərləri fəlsəfi fikir tariximizdə milli varlığımızı, mənəviyyatımızı, tariximizi, dilimizi tədqiq və təsdiq edən böyük sənət abidələridir. Tədbirdə bütün çıxışlar zamanı mövzuya dair maraqlı təqdimatlar da nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə