Ceyhun Bayramov: "Hüququn əsaslarına dair biliklərin tədrisi aktual məsələdir"
"Bu günün təhsil qurumları təhsildən qərar qəbuletmə prosesinə keçidin təmin edilməsini təhsil alan şəxslərin hüquqi biliklərinin, hüquqi inam və əqidəsinin, həmçinin hüquqauyğun davranış vərdişlərinin formalaşdırılmasına nail olmaqda görürlər". SİA-nın xəbərinə görə, bunu Ombudsmanların XII Bakı Beynəlxalq konfransında "Təhsildən qərar qəbuletmə prosesinə keçid-hüquqi maarifləndirmə hüquqi islahatların və əməkdaşlığın alətlərdən biri kimi" mövzusunda çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, təcrübə göstərir ki, bu və ya digər dövlətdə həyata keçirilən islahatlar zamanı daha uğurlu nəticələr hüquqi maarifləndirmə işi düzgün təşkil edilən cəmiyyətlərdə əldə edilir: "Belə ki, hüquq düşüncəsi inkişaf etmiş ölkələrdə hamı öz hüquqlarını düzgün bilib, vəzifələrinə dəqiq riayət etməyə çalışır. Təhsil Nazirliyi Ombudsman ilə birgə sıx əməkdaşlıq edir və birgə layihələr reallaşdırır.
Nazir müavini onu da qeyd edib ki, insanların, xüsusilə də gənc nəslin öz hüquqlarını bilməsi çox vacibdir: "Bunu nəzərə alaraq Azərbaycanda orta ixtisas və ali təhsil müəssisələrində mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirilir. Bu kimi tədbirlər gənclərə fikir və düşüncələrini sərbəst ifadə etmək qabiliyyəti aşılamaqla yanaşı onları gələcəkdə bu və ya digər məsələlərlə əlaqədar sərbəst qərarlar qəbul etmək məqsədi daşıyır. Müasir dövrdə təhsil müəssisələrində hüququn əsaslarına dair biliklərin tədrisi prosesinin təkmilləşdirilməsi daim aktual olan məsələdir və nazirlik bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirir. Hüquqi maarifləndirmənin əsas məqsədi sosial harmoniyaya, insanların ümumbəşəri dəyərlərlə tərbiyə olunmasına xidmət edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB