Azərbaycanın 31 məktəblisi ABŞ-da təhsil alacaq

Azərbaycanın 31 məktəblisi ABŞ-da təhsil alacaq

ABŞ-ın Azərbaycandakı səfirliyi FLEX (Future leaders exchange program) mübadilə proqramı çərçivəsində Birləşmiş Ştatların orta məktəblərində təhsil almaq üçün seçilmiş 31 Azərbaycan məktəblisi ilə görüş təşkil etmişdir.

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar tədbirdə çıxış edərək şagirdlərin bu uğuru üçün sevindiyini bildirmişdir. Səfir demişdir: "Sizin ABŞ haqqında təkcə kitablar və filmlər vasitəsilə deyil, yeni tanışlıqlar və Amerika ailəsində yaşamaq vasitəsilə məlumat əldə etmək şansınız olacaqdır".

Diplomat qeyd etmişdir ki, Azərbaycan məktəbliləri müəyyən mənada öz ölkəsinin elçiləri olacaq və ABŞ mədəniyyəti ilə tanış olmaq imkanı əldə edəcəklər.

Bakı, Gəncə, Mingəçevir, Lənkəran, Şəki və digər regionların məktəblərini təmsil edən qaliblər 1000-ə yaxın namizədin arasından seçilmişlər.

FLEX proqramı ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilir. 1993-cü ildən həyata keçirilən bu proqramda indiyədək Azərbaycan orta məktəblərinin 800-dən çox şagirdi iştirak etmişdir.

Bu proqramı, eyni zamanda, Amerika Beynəlxalq Təhsil Şurası (ACCELS) tərəfindən həyata keçirilir və hər il şagirdlərə Amerika ailələrində yaşamaq və ABŞ məktəblərində təhsil almaq imkanı yaradır.

Bütün xəbərlər Facebook səhifəmizdə