Səməd Seyidov ABŞ-dan olan tələbələrlə görüşüb YENİLƏNİB

Səməd Seyidov ABŞ-dan olan tələbələrlə görüşüb YENİLƏNİB

Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov 7 nəfərdən ibarət bir qrup ABŞ Dövlət Departamentinin Önəmli Dil Təqaüdü (ÖDS) Proqramı ilə Azərbaycan dilini öyrənmək üçün ADU-ya gələn tələbələrlə görüşüb. SİA-nın xəbərinə görə, görüşdə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar da iştirak edib. Səfiri və tələbələri salamlayan rektor onları ADU-da görməkdən məmnun olduğunu bildirib.

Onlara universitetin tarixi haqqında məlumat verən Səməd Seyidov ADU-da 6000 tələbənin təhsil aldığını, eyni zamanda, ADU-da həm azərbaycanlı, həm də xarici tələbələrin istifadə edə biləcəyi Amerika mərkəzinin də fəaliyyət göstərdiyini deyib. Rektor amerikalı tələbələrə Azərbaycanın tarixi, coğrafiyası haqqında məlumat verib, Dağlıq Qarabağ münaqişəsi haqqında danışıb. Rektor tələbələrə 8 həftə ərzində Azərbaycanın həm tarixi, həm coğrafiyası, həm iqtisadiyyatı, həmçinin mədəniyyəti, incəsənəti, musiqisi, hətta mətbəxi haqqında biliklərə sahib olacaqlarını vurğulayıb. Öz ölkələrinə qayıtdıqları zaman Azərbaycan haqqında öz yaxınlarına və dostlarına Azərbaycan, Azərbaycanın milli mənəvi dəyərləri, qədim və zəngin tarixi haqda məlumat verəcəklərinə əminliyini ifadə edib.

Daha sonra ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Səməd Seyidovla və Azərbaycan dilini öyrənmək üçün önəmli dil proqramı çərçivəsində ABŞ-dan gələn tələbələrlə görüşdən məmnun olduğunu dilə gətirib: "Hesab edirəm ki, bu kimi proqramlar ABŞ-Azərbaycan arasında əlaqələrin möhkəmləndirilməsi və hər iki ölkənin vətəndaşlarının bir-birini daha yaxından tanıması, başa düşməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Düşünürəm ki, həyata keçirilən bir sıra təhsil, mübadilə proqramları məhz bu məqsədə xidmət edir. Bizim əlaqələrimizdə bu kimi proqramlardan daha önəmli başqa bir şey ola bilməz".

Xatırladaq ki, bu ilin Önəmli Dil Tələbələri sırasına Azərbaycan dilini başlanğıc, orta və inkişaf etmiş səviyyələrində bilən tələbələr daxildir. Proqrama ev sahibliyini Azərbaycan Dillər Universiteti edəcək. Proqram həftədə azı 20 saat olmaqla qruplarda keçirilən intensiv dil təlimi və təşkil olunmuş mədəni maarifləndirici təcrübə təqdim edir. İştirakçılar Azərbaycan dilində sərbəst danışıq inkişaf etdirəcəklər və dil yaşıdlarına (ev sahibi ölkənin universitet tələbələrinə) ailələrdə birgə yaşamaqla Azərbaycanın zəngin mədəniyyəti haqqında daha çox öyrənəcəklər. ÖDS iştirakçıları təqaüd proqramından sonra da dili öyrənməyə davam edəcəklər və önəmli dil vərdişlərini öz gələcək professional karyeralarında tətbiq edəcəklər. ABŞ Dövlət Departamenti bu proqramı amerikalı tələbələrin xarici ölkələrdə önəmli dilləri öyrənmək imkanlarını artırmaq məqsədi ilə 2006-cı ildə başladıb. İndiyədək proqram çərçivəsində ADU-ya 52 tələbə və 10-a yaxın müəllim gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə