Naxçıvan Dövlət Universitetində (NDU) ənənəvi məzun günü keçirilmişdir. NDU-nun mətbuat şöbəsindən bildirmişlər ki, mərasimdə universitetin rektoru, professor Saleh Məhərrəmov Azərbaycanda elmin, təhsilin inkişafı strategiyasından, muxtar respublikada gənclərin ali təhsil alması, yerli kadr potensialının gücləndirilməsi istiqamətində görülən işlərdən söz açmışdır.
Bildirmişdir ki, 2013-2014-cü tədris ilində universiteti bakalavr pilləsi üzrə 958, magistratura üzrə 168 nəfər bitirir, 210 nəfər tələbə isə ikinci ali təhsilini tamamlayır. Builki məzunlardan 63 nəfəri xarici ölkə vətəndaşlarıdır. Muxtar respublika rəhbərliyi tərəfindən məzunların ixtisaslı kadr kimi işlə təmin olunmasına xüsusi qayğı göstərilir.
Saleh Məhərrəmov məzunlara gələcək fəaliyyətlərində nailiyyətlər arzulamış, təhsil aldıqları ali məktəbin adını doğruldacaqlarına əminliyini bildirmişdir.
Tədbir incəsənət fakültəsinin, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi Gülxarə Əhmədovanın rəhbərlik etdiyi tələbə teatr studiyasının rəngarəng konsert proqramı ilə davam etmişdir. İncəsənət fakültəsinin xalq çalğı alətləri ansamblının müşayiəti ilə Zeynəb Yusifova, Bəhruz Quliyev, Nigar İbrahimova və digərlərinin ifasında mahnılar səslənmişdir.
Vokal qrupunun məzun tələbələrlə birgə ifa etdikləri "Tələbəlik illəri" mahnısı, gürcü tələbələrdən ibarət rəqs qrupunun çıxışı tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaratmışdır.
Yekunda son zəngin sədaları altında məzun simvolu olan dörd künclü akademik keplərin atılması mərasimi keçirilmişdir.
Sonda xatirə şəkilləri çəkdirilmişdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB