Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 13-də respublikanın bir sıra şəhər və rayonlarının - Naxçıvan Muxtar Respublikası, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Salyan, Neftçala, Füzuli, Beyləqan və Xocavəndin orta ümumtəhsil müəssisələrinin IX və XI siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcəkdir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından bildirmişlər ki, həmin gün saat 10.00-da IX sinif şagirdləri, 15.00-da isə XI sinif şagirdləri öz biliklərini nümayiş etdirəcəklər.
Şagirdlər imtahana gələrkən "İmtahana buraxılış vərəqəsi"ni şəxsiyyəti təsdiq edən sənədin əslini özləri ilə gətirməlidirlər.
Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqələrini, əcnəbilər şəxsi pasportları və ya icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini hökmən özləri ilə götürməlidirlər.
Bu il aprelin 30-dək 16 yaşı tamam olmayan şagirdlər imtahana gələrkən digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) da təqdim etməlidirlər.
Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri üzrə keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər.
TQDK tərəfindən buraxılış imtahanlarına hazırlaşan şagirdlərə kömək məqsədilə ana dili və riyaziyyat fənlərindən test tapşırığı nümunələri və təqdim ediləcək yazı işlərinin mövzuları qurumun internet saytında yerləşdirilmişdir.
İmtahanın müddəti 2 saatdır. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır.
Yazı işi balla qiymətləndirilmir, yalnız xüsusi hallarda əlavə meyar kimi istifadə edilir.
Şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir.
Orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq üçün elektron ərizə təqdim etmiş IX sinif şagirdlərinin orta ixtisas təhsili müəssisələrinə yerləşdirilməsi buraxılış imtahanlarının nəticələri əsasında aparılacaqdır. Bununla əlaqədar qəbul qaydaları və qəbul elanı "Abituriyent" jurnalının 3-cü nömrəsində dərc edilmişdir.
Səhifənin qısa keçidi: http://www.tqdk.gov.az/~wNII6
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB