Bu gün Azərbaycan Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan 91-ci ildönümünə və hakimiyyətə qayıdışının 21-ci ildönümünə həsr olunmuş "Milli-mənəvi dəyərlərin qorunması qloballaşan dünyamızın aktual problemidir" mövzusunda elmi-praktiki konfrans keçirilib. SİA-nın məlumatına görə, konfransda "Müasir qloballaşma və multikulturalizm problemlərinə tarixi-fəlsəfi baxış", "Milli-mənəvi dəyərlərin multikultarizm və ya mədəni qloballaşma şəraitində şərhi", "Qloballaşmanın sosial-iqtisadi proseslərə və milli-mənəvi dəyərlərə təsiri və optimal çıxış yolları", "Milli dövlətçiliyin inkişafında milli-mənəvi dəyərlərin yeri və rolu", "Qloballaşma tendensiyaları və milli təhlükəsizlik problemlərinin qarşılıqlı həlli yolları", "Milli-mənəvi dəyərlərimizin qorunmasında İslam dininin yeri və rolu", "Demokratiya və ya siyasi qloballaşma şəraitində milli-mənəvi dəyərlərin inkişafı problemləri", "Müasir qloballaşma və dilçiliyin aktual problemləri", "Xarici dilin tədrisində milli-mənəvi tərbiyə" kimi mövzular araşdırılıb və müzakirə olunub.
Konfransa Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə start verilib.
Elmi-praktiki konfransda Azərbaycan Universitetinin rektoru Eldar Qəhrəmanov, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, hakim partiyanın Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı, universitetin tələbələri və media nümayəndələri iştirak edib.
Azərbaycan Universitetinin rektoru Eldar Qəhrəmanov çıxış edərək deyib ki, milli-mənəvi dəyərlərin qorunması hər bir xalq, dövlətçilik üçün mühüm aspektə malikdir: "Xalqlar və millətlər bütöv bəşər tarixində özünəməxsus yerini yalnız milli-mənəvi dəyərlərə yönəldib. Bu gün dünya Azərbaycanın tək nefti, qazı ilə tanımır. Belə ki xarici dövlətlər ölkəmizi öz tarixi, mədəniyyəti, ənənələri, bəşər dəyərlərinə verdiyi önəmlə, tarixi şəxsiyyətləri ilə tanıyır".
Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov əvvəlcə universitetin rəhbərliyinə bu cür konfransın təşkilinə görə minnətdarlığını bildirib: "Mən dəfələrlə universitetin tədbirlərində iştirak edərək çıxışlar etmişəm. Çox şadam ki, Azərbaycan Universiteti bu gün də fəaliyyətdədir. Bu təhsil müəssisəsi Azərbaycanda fəaliyyət göstərən özəl universitetlər içərisində yığcam olmasına baxmayaraq, ən qabaqcıl, ən yüksək, müasir qloballaşan dünyanın irəlidə gedən təhsil müəssisələrinin təcrübəsini öyrənib və Azərbaycanın milli təhsil dəyərləri əsasında nümunəvi təhsil mərkəzinə çevrilib.
Mövzu ilə bağlı məsələyə gəldikdə isə demək istəyirəm ki, mürəkkəb dünyada sözün həqiqi mənasında bu cür konfransların keçirilməsinə böyük ehtiyac var: "Bu gün dünyada nə qədər qlobal dəyərlər var və biz bu qloballaşmanın müsbət xüsusiyyətlərindən istifadə etməliyik. Amma qlobal təhlükələr Azərbaycan kimi kiçik dövlətlər üçün də böyük təhlükədir".
Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, hakim partiyanın Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı isə Ümummilli Lider Heydər Əliyevin Yeni Əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətinə toxunaraq deyib ki, həmin müqqədəs çıxış hər bir cümləsi bizim üçün çox böyük tezisdir: "Sözsüz ki, Azərbaycan xalqı dünyanın o xalqlarındandır ki, dünya mədəniyyətinə, bəşər sivilzasiyasına böyük töhvələr verib. Dünyada minlərlə xalqlar, millətlər olub. Onların çoxu tarixin müəyyən mərhələlərində yoxa çıxıb. Təbii ki, bu gün də həmin proses gedir".
Plenar iclasın ardından konfrans aşağıdakı bölmələr üzrə öz işini davam etdirib:
1. Qloballaşma və multikultarizm
2. Qloballaşmanın sosial-iqtisadi proseslərə təsiri.
3. Qloballaşma şəraitində milli-mənəvidəyərlər və islam dini
4. Müsir qloballaşma və dilçiliyin aktual problemləri.
Konfransın sonunda iştirakçılar tərəfindən ölkə Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB