"Təhsil Nazirliyi orta məktəb direktorlarının işə qəbulu ilə bağlı yeni qaydalar hazırlayır. Hazırda nazirlik tərəfindən direktorların işə qəbulu qaydaları hazırlanır. Düşünürəm ki, bu ilin sonuna kimi, növbəti tədris ilindən bu istiqamətdə də bəzi yenilikləri ictimaiyyətə çatdıra biləcəyik". SİA-nın xəbərinə görə, bu barədə Nazirliyin Təhsil keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri Emin Əmrullayev bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, məktəb direktoru kimi çalışan və gələcəkdə məktəbin idarə edilməsində fəaliyyət göstərən kadrlar üçün ötən ilin noyabr ayından keçirilməyə başlanılan təlim kursları başa çatıb: "Bu təlimlər attestasiya xarakterli deyil. Təlimlər direktorların öz işlərini daha səmərəli qurması və gələcəkdə yarana bilən vakansiyaları doldurmaq məqsədilə keçirilir. Təlim kurslarında iştirak etmək üçün 800-ə yaxın müraciət daxil olub. Təlimlərdə iştirak üçün keçirilən müsabiqənin I mərhələsində 200-ə yaxın namizadin ərizəsi qəbul edilib, onlardan 172 nəfəri imtahana, 80 nəfərə qədəri isə müsahibəyə buraxılıb. Ümumilikdə sonda 53 nəfər təlimdə iştirak edib. Təlimlər zamanı onlara kurikulum, təhsillə bağlı ətraflı məlumatlar verilib. Təlimdə iştirak edən 52 nəfər müdavim yekun qiymətləndirmədə iştirak edib".
O həmçinin qeyd edib ki, imtahan nəticələri bu həftə məlum olacaq və onlar uğur sertifikatı ilə mükafatlandırılacaqlar: "Sonradan Bakı şəhərində mövcud olan və gələcəkdə yaradılacaq rəhbər vəzifələrə təyinatlar zamanı üstünlük bu şəxslərə veriləcək. Bu tipli layihələr təhsilin keyfiyyətinin qaldırılması, təhsil islahatlarının keyfiyyətli həyata keçirilməsinə addım olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB