Təhsil Nazirliyində mətbuat konfransı keçirilib

Təhsil Nazirliyində mətbuat konfransı keçirilib

Bu gün Təhsil Nazirliyində mətbuat konfransı keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Nazirliyin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov, İnsan resusrları şöbəsinin müdir müavini İlham Nağıyev, Təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri Emin Əmrullayev iştirak edib.

Mətbuat konfransında çıxış edən İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev bildirib ki, ümumi təhsil müəssisələri və peşə liseylərində hazırda işləyən müəllimlərin bir rayondan (şəhərdən) başqa rayona (şəhərə) yerdəyişməsi ilə əlaqədar Təhsil Nazirliyi həmin müəllimlərin yerdəyişməsi ilə bağlı elektron ərizələrin qəbuluna başlayıb: "Bu proses iyun ayı ərzində aparılacaq. Müəllimlərin yerdəyişməsini həyata keçirmək üçün Təhsil Nazirliyinin rəsmi internet saytının (edu.gov.az) "Müəllimlərin işə qəbulu" səhifəsində "Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə təlabatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu Qaydaları", "Müsahibə proqramı", "Elektron ərizə" və "Şəxsi səhifə" bölmələri yerləşdirilib. İş yerini dəyişmək istəyən müəllimlər "Müəllimlərin işə qəbulu" səhifəsinə daxil olub elektorn ərizə doldurulmalıdır. Elektron ərizələrin qəbulu iyunun 1-dən 10-dək aparılacaq".

Mətbuat konfransında Nazirliyin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov deyib ki, nostrifikasiya (xarici diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsi) ilə əlaqədar sənədlərin qəbulu iyunun 1-dən sentyabrın 1-dək dayandırılır: "Bu müddət ərzində yalnız həqiqi hərbi xidmətdə olan, dövlət xətti və Dövlət Proqramı çərçivəsində təhsil alan, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK), habelə dövlət qulluğuna sənəd təqdim edən vətəndaşların ərizələri qəbul olunur".

O, həmçinin xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu məsələlərinə də toxunub: " "Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları"na əsasən, I sinfə vaxtından əvvəl qəbul hər il 6 yaşı 16 sentyabr-31 dekabr tarixlərdə tamam olan xüusi istedadlı şagirdlərə şamil olunur. Həmin şagirdlərin seçilməsi və müvafiq qərar qəbul edilməsi aidiyyəti üzrə rayon (şəhər) təhsil şöbələrində (idarələrində) və Nazirliyin tabeliyindəki ümumi təhsil müəssisələrində yaradılan komissiyalar tərəfindən aparılır. "Qaydalar"a görə valideynlərin ərizələri iyulun 20-dən başlayaraq avqustun 20-dək həmin təşkilatlarda qeydiyyata alınır".

Tədbirdə "QHT və təhsil ekspertləri üçün ictimai təşəbbüslərin dəstəklənməsi üzrə" II qrant müsabiqəsinin elan olunması barədə də məlumat verilib. C. Valehov bildirib ki, təhsil sahəsində fəaliyyət göstərən QHT-lər və ekspertlər ilə layihələrin həyata keçirilməsi üçün maliyyələşmə mexanizmi ilə bağlı növbəti təkliflər hazırlanıb və təhsil sahəsində həyata keçirilən islahatlar prosesində müxtəlif maraqlı tərəflərin iştirakını təmin etmək məqsədilə layihə müsabiqəsi təşkil olunub.

SABAH qruplarına qeydiyyat prosesi barədə də məlumat verən Cəsarət Valehov əlavə edib ki, indiyə qədər 1568 tələbə elektron qeydiyyatdan keçib. Proses hazırda davam edir və iyunun 12-də sənəd qəbulu başa çatacaq.

Mətbuat konfransında həmçinin məktəb direktorlarının imtahan prosesinə yekun vurulması məsələsinə də toxunulub.

Sonda Təhsil Nazirliyinin nümayəndələri jurnalistlərin suallarını cavablandırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə