Bu günlərdə, Ombudsmanın Cəlilabad Regional Mərkəzi Cəlilabad Rayon Təhsil Şöbəsi ilə birgə 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı "Uşaq hüquqları" mövzusunda Cəlilabad şəhər 1, 2, 3, 4, 5, 6, 7 və 8 saylı məktəblərin 9 və 10 –ci sinif şagirdləri arasında olimpiada keçirib.
Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, tədbir iştirakçıları ilk olaraq Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmişlər. Sonra tədbir Cəlilabad şəhər 8 saylı tam orta məktəbində davam etdirilib.
Tədbiri giriş sözü ilə açan Cəlilabad Rayon Təhsil Şöbəsinin məsul əməkdaşı Vaqif Süleymanov yeni təhsil strategiyasından danışmış, təhsil hüququnun vətəndaşların əsas hüquqlarından biri olduğunu, Azərbaycan Respublikasının təhsil siyasətinin prinsipləri barədə məlumat vermiş, dövlətin təhsilə daim diqqət və qayğı göstərdiyini, eyni zamanda nəzarət etdiyini diqqətə çatdırıb.
Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Z.İsmayılov Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) xanım Elmira Süleymanovanın adından olimpiada iştirakçılarını salamlayaraq, 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününun yaranma tarixi, əhəmiyyəti, bütün dünyada olduğu kimi ölkəmizdə də qeyd olunması, Azərbaycan Respublikasında uşaqlara olan dövlət qayğısı, bu sahədə ciddi nailiyyətlərin əldə olunması, Müvəkkilin uşaq hüquqlarının müdafiəsi sahəsində apardığı çoxşaxəli fəaliyyət, daim onları diqqətdə saxlaması, uşaq hüquqlarının pozuntusu ilə əlaqədar 24 saat fəaliyyət göstərən 916 qaynar xətti və digər mühüm müddəalar barədə geniş məlumat verib.
Ümumilikdə tədbir iştirakçılarına müvafiq məlumatlar verildikdən sonra sual kitabçaları paylanmış və olimpiada başlanmışdır. Suallar standartlara uyğun hazırlanıb və hər sual üçün 3 dəqiqə vaxt ayrılıb. Olimpiada 45 dəqiqə davam etmişdir. Cavablar yoxlanıldıqdan sonra 9 və 10-cu siniflər üzrə ilk 3 yeri tutan şagirdlər təltif olunacaqlar.
1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı "Uşaq hüquqları" mövzusunda Cəlilabad şəhərində keçirilən olimpiada rayon ictimaiyyəti, pedaqoji kollektiv və şagirdlər tərəfindən çox müsbət qarşılanıb və gələcəkdə də keçirilməsi arzu olunub
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB