Abituriyetnlər qəbul imtahanlarına necə hazırlaşmalıdır? ARAŞDIRMA

Abituriyetnlər qəbul imtahanlarına necə hazırlaşmalıdır? ARAŞDIRMA

Məlumdur ki, ölkəmizdə tələbə olmaq istəyən abituriyentlərin ali təhsil müəssisələrinə qəbul olması üçün imtahanlar yaxınlaşır. İmtahanlar yaxınlaşdıqca məzunların həyəcanı da çoxalır. Bəzi abituriyentlər isə bir neçə ilin materiallarını bir neçə aya öyrənməyə çalışırlar ki, bunu da mütəxəssislər heç də düzgün hesab etmirlər.

Bir çox abituriyentlər isə həyəcanına güc gəlmək üçün sakitləşdirici dərmanlar qəbul edir ki, bu vasitə də onun səhhətinə mənfi təsirlər göstərərək fikrini imtahana düzgün yönəltməsinə mane olur.

Digər qrup abituriyentlərə isə valideynlər tərəfindən psixoloji təsir göstərilir ki, bu da onların "qəbul olmasam, nə olacaq?" kimi sualları həddindən çox düşünməsinə gətirib çıxarır. Bu sualları düşünmək isə əlavə basqı yaradır və fikrin imtahana tam yönəlməsinə imkan vermir.

Bəziləri düzgün qidalanmadıqlarına görə, imtahan günü səhhətlərində müxtəlif problemlər yaranır. Onlarla bu kimi halları sadalamaq mümkündür.

"Yaddaş imkanları sonsuz deyil"

Abituriyentlərin qəbul imtahanlarına düzgün hazırlaşmalarına yardım etmək məqsədi ilə mütəxəssislərin fikirlərini öyrəndik.

Təhsil Nazirliyinin baş məsləhətçisi Afət Süleymanova SİA-ya açıqlamasında abituriyentlərin qəbul imtahanlarına hazırlıqları barədə danışdı: "Hazırda qəbul imtahanlarına hazırlaşmaq prosesi bilik və bacarıqların yüksəldilməsi prosesindən daha çox məlumatların əzbərlənməsi prosesidir. Bu da məzunlarda çox stress yaradır. Çünki insanın bütün məlumatları eyni yükdə, eyni gücdə beyində saxlaması böyük gərginlikdir. Bu, idrak və mənəvi baxımdan abituriyentləri psixoloji gərginliyə gətirib çıxarır. Bəzən abituriyentlər o qədər gərgin olurlar ki, ilboyu öyrəndiklərinin böyük hissəni imtahanda unudurlar.

Bir neçə ildə öyrənməli olduqları bilikləri bir neçə aya əzbərləyən abuturiyentlər onları 1-2 ilə unudacaqlar.

Psixoloq Raf Taylor deyib ki, insan öyrəndiyi məlumatların 50 faizini həmin ilin sonunda, 80 faizini isə ikinci il unudur. Yəni, qısa müddətdə əzbərlənən informasiyaların 50 faizi həmin ilin sonunda onların yaddaşından silinir. Yaddaş imkanları sonsuz deyil. Onu yükədikcə, hansısa informasiyalar alt yaddaşa ötürülür. Yəni, bütün infomasiyalar eyni səviyyədə aktivliyini saxlaya bilməz.

Mütəxəssislər göstərir ki, imtahanlardan bir neçə gün öncə abituriyentlər heç nə oxumamalıdır, heç bir yeni məlumat əldə etməməlidirlər. Çünki hər gün beynə daxil olan məlumatlar gərginliyi daha artırır. Yəni, imtahandan bir neçə gün öncə abituriyentlər dərslərdən və qayğılardan uzaq olaraq, istirahət etməldirlər".

"Bəzən abuturiyentlərin imtahan öncəsi qəbul etdiyi kimyəvi tərkibli sakitləşdirici dərmanlar onları yuxuladır, beynin fəaliyyətini ləngidir"

Psixoloq Şəhla Vəliyeva isə abituriyentlərə ən yaxşı köməyin valideynlərin dəstəyi olduğunu bildirdi: "Abituriyentləri ruhdan salmaq olmaz. Məsələn "Səndə bu gedişlə alınmayacaq, səndən oxuyan olmaz, sən bacarmayacaqsan, bu tərz oxumaq olmaz" kimi ifadələr işlətmək olmaz. Əksinə valideynlər və müəllimlər onları motivasiya etməlidirlər. İmtahandan bir-iki gün öncə abituriyentlər daha çox havada olmalı, maye qəbul etməlidirlər. Onlar istirahət etməlidirlər ki, beyin imtahanda tam şəkildə fəaliyyət göstərə bilsin.

Bəzən abuturiyentlərin imtahan öncəsi qəbul etdiyi kimyəvi tərkibli sakitləşdirici dərmanlar onları yuxuladır, beynin fəaliyyətini ləngidir. Həkim məsləhəti ilə tərkibi otlardan ibarət olan yüngül sakitləşdirdicilərdən həyəcan və gərginliyi azaltmaq üçün istifadə etmək olar".

"Öyrəndiklərimi mənimlə oxuyan başqa abituriyentlərlə müzakirə edirdim"

Ötən il 700 bal toplayaraq, Azərbaycan Tibb Universitetinin Müalicə işi fakülətsinə qəbul olmuş Osman Müslümov isə öz təcrübəsini bölüşdü: "Hər zaman gündəlik çalışmaları yerinə yetirib, qaranlıq qalan yerləri çəkinmədən müəllimlərimdən soruşurdum. İki il kursa getdim. Bu müddətə materialları öyrənmək mümkündür. Öyrəndiklərimi mənimlə oxuyan başqa abituriyentlərlə müzakirə edirdim. Bu, daha çox effekt verir. Gün ərzində 4-5 saat dərs oxuyurdum. Onu da qeyd edim ki, həftə sonları istirahətimə də vaxt ayırırdım. İmtahana bir həftə qalana qədər oxudum. Qəbul imtahanına sınaq imtahanı kimi girdim və həyəcanlanmadım".

Bütün xəbərlər Facebook səhifəmizdə