2014-cü il mayın 26-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin birgə təsis etdikləri Qarabağ Araşdırmalar Mərkəzində Ali məktəb tələbələri üçün "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: tarixi kökləri, mərhələləri və həlli perspektivləri" proqramı üzrə qısamüddətlı kursların növbəti dərsləri başlanıb.
SİA-nın məlumatına görə, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, Dövlət İdarəçilik Akademiyasının dosenti Elçin Əhmədov kursların keçirilməsinin məqsədlərindən danışıb. O, qeyd edib ki, məqsədimiz son iki əsrdə ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, onun ağır nəticələrinin aradan qaldırılmasına və bir daha belə halların təkrar olunmamasına çalışmaqdır.
Elçin Əhmədov "Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin tarixi kökləri və mərhələləri" mövzusunda oxuduğu mühazirədə bildirib ki, erməni millətçilərinin təcavüzkar siyasətini nəticəsində, təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və nəhayət, 1988-1993-cü illərdə törədilən soyqırımı və etnik təmizləmələrə məruz qalıb.
XX əsrin 80-ci illərinin ikinci yarısında ermənilər özlərinin xaricdəki himayədarlarının köməkliyi ilə "Böyük Ermənistan" ideyasını həyata keçirmək üçün yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürüblər. Bütün dövrlərdə olduğu kimi ermənilərin həyata keçirdiyi bu işğalçılıq siyasəti də kütləvi qırğınlarla müşayiət olunub. Belə ki, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 000 nəfər azərbaycanlı həlak olub, 100 min nəfərdən çoxu yaralanıb, 50 min nəfəri isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olub. Eyni zamanda, 1988-1994-cü illərdə dövlət terrorizmi və soyqırımı siyasəti yeridən Ermənistan tərəfindən ümumilikdə, müxtəlif səpkili 373 terror aktı törədilmişdir ki, nəticədə 1200 nəfər həlak olmuş, 1705 nəfər yaralanıb.
Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin əsil mahiyyəti açıqlanmış, bu hadisələrə siyasi-hüquqi qiymət verilib. Bununla yanaşı, azərbaycanlılara qarşı zaman-zaman törədilmiş soyqırımı ilə əlaqədar Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan ərazi bütövlüyü danışıqların mövzusu deyil, olmayıbdır və olmayacaqdır" fikrini dəfələrlə irəli sürməsi ölkəmizin milli mənafelərinin qorunması şərtilə münaqişənin ədalətli şəkildə həll olunacağına olan ümidləri daha artırıb.
Biz də hər zaman olduğu kimi, dövlət başçısı İlham Əliyevin apardığı bu siyasəti müdafiə edərək, Qarabağ həqiqətləri haqqında dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində keçirilən tədbirlərin coğrafiyasını genişləndiririk. Bununla yanaşı, bu kursların keçirilməsinin ideyası da məhz gənclərin mariflədirilməsi və vətənpərvərlik ruhunun artmasına kömək olmaqla yanaşı, eləcə də Qarabağ həqiqətləri haqqında dünya ictimaiyyətinin daha çox məlumatlandırılması istiqamətində Azərbaycan dovlətinin apardığı mühüm işlərə töhvə verməkdir.
Ermənistanın beynəlxalq aləmdə ifşa olunmasına nail olmaq üçün bütün qüvvələrimizi birləşdirərək bundan sonra da daha çox çalışmalı və cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycanın üçrəngli bayrağının Şuşada, Xankəndində və digər işgal olunmuş torpaqlarda dalğalanmasına nail olmalıyıq.
2014-cü il mayın 26-dan - iyunun 6-dək davam edəcək kursların hazırkı dinləyiciləri Azərbaycan Turizm İnstitutunun tələbələridir. Kusların sonunda dinləyicilərə müvafiq sertifikatkar veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB