BANM və Leoben Montana Universiteti arasında razılıq əldə edilib

BANM və Leoben Montana Universiteti arasında razılıq əldə edilib

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımovun rəhbərlik etdiyi nümayəndə heyəti Avstriyada səfərdə olub. Məktəbdən SİA-ya verilən xəbərə görə, nümayəndə heyəti Avstriya Parlamentinin (Milli Şura) deputatı, Elm komitəsinin sədri Andreas Karlsbök ilə görüş keçirib.

Görüşdə iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlıq sahəsində artıq bir sıra mühüm addımların atıldığı bildirilib, diplomların qarşılıqlı tanınması haqda müqavilənin imzalanması və uğurla həyata keçirilməsi məmnunluqla qeyd edilib və elm və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.

Komitə sədri Azərbaycana səfərə dəvət olunub.

Qeyd olunub ki, səfərin əsas məqsədi Leoben Montan (Dağ-Mədən) Universiteti ilə əməkdaşlıq əlaqələrinin qurulmasıdır.

Komitə sədri iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın gücləndirilməsinin Avstriya üçün vacib olduğunu qeyd edib, bu sahələrin iki ölkə arasında körpü olacağını və bu sahədə daha çox uğurlu addımlar atılacağına inandığını bildirib.

ARDNŞ-nin nümayəndə heyətinin Leoben Montana Universitetində universitetin rəhbərliyi, o cümlədən universitetin Ali Elm Şurasının üzvləri ilə də görüşü olub.

Universitetin rektoru Vilfrid Ayxlseder alii təhsil ocaqları arasında səmərəli əməkdaşlıq qurulacağına ümidvar olduğunu bildirib. Leoben Universitetinin aparıcı professorları, xüsusilə Qazma və neft-qaz mühəndisliyi departamentinin rəhbəri Qerhard Tonhauzer, Avtomatika departamentinin rəhbəri professor Paul O`Leary və digərləri rəhbərlik etdikləri sahələr üzrə təqdimatlarla çıxış ediblər.

ARDNŞ-nin Avstriyadakı nümayəndəliyinin Leoben Universiteti ilə il yarımdan artıq müddət ərzində apardığı yazışma və danışıqlar, habelə birbaşa BANM ilə universitet arasında qurduğu əlaqələrin və münasibətlərin uğurla aparılması və hazırkı danışıqların çox yüksək səviyyədə aparılması nəticəsində hər iki təhsil ocağı arasında Anlaşma Memorandumu imzalanıb. Bu memorandumun əsasında əməkdaşlığın müvafiq formada qurulması üçün, xüsusilə tələbə mübadiləsi, BANM-ın müəllim və professor heyəti üçün təkmilləşmə kursları, tələbələrin yay tədris kurslarına cəlb olunması, əsasən də məzunlara ikili diplomların verilməsi, xüsusilə Avtomatik fakültəsinin Leoben Universiteti tərəfindən qurulması kimi mühüm fəaliyyəti təşkil etmək məqsədilə əsasında yaxın gələcəkdə əsaslı müqavilənin imzalanacağına dair ilkin razılaşma əldə olunub.

Görüşlərdə ARDNŞ-in Avstriyadakı nümayəndəliyinin başçısı Gülmirzə Cavadov və BANM-ın prorektorları professor Ramiz Hümbətov və Rəşad Həsənov, habelə digər əməkdaşları iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə