"O təhsil müəssisəsi ki, müsabiqəsiz tələbə qəbul edir, həmin müəssisələr keyfiyyətli təhsil verə bilməz". SİA-nın verdiyi məlumata görə, bu sözləri editor.az-a Azərbaycan İctimai-Siyasi Universitetinin rektoru, professor Rasim Nəbiyev azərbaycanlı tələbələrin müsabiqədə iştirak etmədən xarici universitetlərdə təhsil almasından danışarkən belə deyib.
Onun sözlərinə görə, imtahansız qəbul aparan müəssisələrə universitet deməyə adamın dili gəlmir: "Bu gün Azərbaycan təhsili sürətlə inkişaf edir. Ölkədə müasir standartlara cavab verən, o cümlədən keyfiyyətli təhsili təmin edən çoxsaylı universitetlər fəaliyyət göstərir. Sadəcə, rəqabət böyük olduğundan bəzi abituriyentlərimiz ali məktəbə daxil ola bilmir. Onlar növbəti il üçün hazırlaşmaq əvəzinə, daha asan yolu seçirlər. Lakin başa düşmürlər ki, onların daxil olduğu həmin ali məktəblərin diplomu ilə uzağa gedə bilməyəcəklər. Hesab edirəm ki, valideynlər övladlarının bu şəkildə seçiminə mane olmalı, onları növbəti il üçün hazırlıqlara ruhlandırmalıdır".
Təhsil Nazirliyinin müsabiqəsiz tələbə qəbuluna qarşı mübarizə aparmasının vacib olduğunu deyən rektor hesab edir ki, bu həm də dövlət büdcəsindən yayınmalara səbəb olur: "Bir tələbə beş il hansısa universitetdə oxuyursa, o bu beş il ərzində həmin ölkənin büdcəsinə onminlərlə manat vəsait yatırmış olur. Olmazdımı ki, həmin vəsait bizim büdcəmizə daxil olsun? Bu həm də abituriyentlər arasında rəqabətin azalmasına, keçid ballarının enməsinə gətirib çıxarır. Bu mənada imtahansız tələbə qəbulu aparan xarici universitetlərə qarşı mübarizə tədbirləri gücləndirilməli, onların rahat şəkildə tələbə idxalına son qoyulmalıdır".
Azər Niftiyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB