Ali məktəbə qəbul qaydaları dəyişə bilər

Əcnəbi tələbələr üçün
Ali məktəbə qəbul qaydaları dəyişə bilər

Təhsil Nazirliyi tərəfindən universitetlərdə əcnəbi tələbələrə Azərbaycan dilinin tədrisi işləri qiymətləndirilib. Təhsil Nazirliyindən SİA-ya verilən məlumatda bildirilib ki, Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində hələ sovet dövründə əcnəbi vətəndaşların hazırlığı üçün nəzərdə tutulmuş fakültə, mərkəz və şöbələr yaradılıb: "Həmin fakültələrdə təhsil alan əcnəbi vətəndaşlar ali məktəbdə seçdikləri ixtisaslar üzrə əsas nəzəri bilikləri almaqla bərabər, həm də tədris dilini öyrənirdilər. SSRİ dövründə təhsil almaq məqsədilə Azərbaycana gələnlərin böyük əksəriyyəti tədris dili rus dilində olan ixtisaslara və ya rus dili üzrə dil hazırlığı keçməyə üstünlük verirdisə, müstəqilliyin bərpa olunmasından sonra Azərbaycana gələn qeyri-rus dilli kontingent hesabına ali təhsil müəssisələrində Azərbaycan dili üzrə hazırlıq daha da intensivləşib.

Təhsil Nazirliyi tərəfindən 5 ildən bir təsdiqlənən əcnəbi vətəndaşların hazırlığı fakültələri üçün işçi tədris planında əsas diqqət Azərbaycan dilinin tədrisinə ayrılır və ixtisaslardan asılı olaraq, illik dərs saatlarının həcminin təqribən yarısına qədəri dilin tədrisi ilə əlaqədardır. Məsələn, humanitar ixtisaslarda ümumi 1370 saatdan 566, mühəndis və iqtisadiyyat ixtisaslarında 500, incəsənət ixtisaslarında 364 saat Azərbaycan dilinə ayrılıb. Bundan əlavə, tədris planında yer alan Nitqin inkişafı və Nitqin elmi üslubu fənləri də Azərbaycan dili fənni ilə əlaqəlidir və onun daha da dərinləşdirilməsinə xidmət edir. Belə ki, bu fənlərə illik ayrılmış saatların həcmi ixtisaslardan asılı olaraq 340-480 saat arasında dəyişir.

Yerli ali təhsil müəssisələrinin nüfuzu və əcnəbi tələbələrin Azərbaycanda təhsilə göstərdiyi maraq artdıqca tədris proqramları və əcnəbi tələbələrin universitetlərə qəbulu prosesinin müasir dövrün tələblərinə uyğunlaşa bilməsi üçün qaydaların yenilənməsi ehtiyacı yaranıb. Hazırda aparıcı dövlətlərin təcrübələrindən yararlanaraq Azərbaycanda əcnəbi tələbələr üçün dil hazırlığı fakültələrinin işinin təkmilləşdirilməsi üzrə məqsədyönlü işlər aparılmaqdadır. Bu həm tədris proqramlarının Bolonya sisteminə uyğunlaşdırılmasını, həm də əcnəbi tələbələrin hazırlıq pilləsini bitirdikdən sonra əsas ixtisasların tədrisinə başlaması qaydalarını əhatə etməkdədir".

Bütün xəbərlər Facebook səhifəmizdə